Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Biznes Mərkəzində şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
"Unikal" xəbər verir ki, çay süfrəsi ətrafında səmimi şəraitdə keçən görüşdə şəhər rəhbəri media nümayəndələri ilə fikir mübadiləsi aparıb, onların təklif və müraciətlərini dinləyib.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri bildirib ki, son illər Gəncədə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, şəhərin infrastrukturun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bir sıra küçə və prospektlərdə, eləcə də məhəllələrdə əsaslı təmir-bərpa işləri görülür, yolların və digər kommunal infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, şəhərin sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin həyat şəraitinin və rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Media nümayəndələri də öz növbələrində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərə və Gəncəyə göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar, həmçinin şəhərdə görülən işlərin ictimaiyyətə çatdırılmasında, ünvanladıqları sorğuların vaxtında cavablandırılmasında və media ilə səmərəli əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə Niyazi Bayramova minnətdarlıqlarını bildiriblər.
Görüş çərçivəsində Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2026-cı il tarixli Sərəncamı ilə təltif olunan media nümayəndələri də diqqətə çatdırılıb. Belə ki, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə” Kəpəz” Müstəqil Teleradio Şirkətinin baş direktoru Fuad Cabarov və ARB 24 telekanalının operatoru Fərrux Qafarov “Tərəqqi” medalı ilə təltif ediliblər. Uzun illər Azərbaycan Televiziyasının Qərb bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərmiş, hazırda AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasında şərhçi vəzifəsində çalışan Əhməd Məmmədova isə medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Niyazi Bayramov adıçəkilən media nümayəndələrini əldə etdikləri bu yüksək təltiflər münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hədiyyələr təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.








.jpeg)














.jpg)
.jpeg)







.jpg)




.jpeg)











