Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edir:

Bu hadisə keçidlərdən istifadə etməməyin nə qədər təhlükəli və faciəvi olduğunu bir daha göstərdi. Tələsik qərar verərək yolun hərəkət hissəsindən keçməyin. Məqsədiniz yolun bir tərəfindən digər tərəfinə daha tez çatmaq istəyi olacaqsa, dayanın! Hərəkət hissəsindən yox, keçidlərdən istifadə edin!