Türkiyədə yaşayan azərbaycanlı reper Alizade (Asya Əlizadə) və “Lvbel C5” adı ilə tanınan Süleyman Burak Bodur barəsində aparılan cinayət işi üzrə məhkəmə istintaqi yekunlaşıb.

“Unikal”ın verdiyi məlumata görə, hər iki ifaçı və mahnının bəstəkarı Can Akdoğan barəsində 5 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Cinayət işi “Kahpe” adlı mahnının sözləri və videoklipində yer alan görüntülərlə bağlı vətəndaşların çoxsaylı şikayətlərindən sonra başlanıb.

İttiham aktında mahnının mətnindəki bəzi ifadələrin qanunazidd əməllərə təşviq xarakteri daşıdığı, klipdə nümayiş etdirilən zorakılıq səhnələrinin isə ictimai təhlükəsizlik baxımından risk yaratdığı qeyd olunub.

İstintaq zamanı ifadə verən Süleyman Burak Bodur mahnının sözlərinin bədii qurğu olduğunu, klipin isə xarici rejissor tərəfindən çəkildiyini bildirib.

Can Akdoğan mahnının sözlərinin məzmunundan xəbərdar olmadığını bildirib. Türkiyədən kənarda olduğu bildirilən Alizade isə vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.

Qeyd edək ki, Lvbel C5 istintaq çərçivəsində həbs tələbi ilə hakim qarşısına çıxarılıb. Lakin ona türk ədəbiyyatı sahəsində təhsil almaq və mütəmadi kitab oxumaq şərti qoyularaq sərbəst buraxılması barədə qərar verilib.

Hazırlanmış ittiham aktı üzrə məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.

Orxan Rasifoğlu