“Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlərin inkişafı tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü, “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin mübadilə olunması bu reallığı təsdiqləyir”.

"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, iki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 1990-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək nailiyyətlər əldə olunub. Ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Deputat bildirib ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Eyni zamanda, 2024-cü ilin iyulunda  Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş nazirinin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə oldu.

Samir Vəliyev qeyd edib ki, noyabrın 12-də qəbul edilmiş Birgə Bəyannamə iki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanır. Məlumdur ki, tərəflər  1994-cü ilin 23 fevralında Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il 21 iyulunda Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Bu kimi hüquqi bazaya istinad olunmaqla ölkələrimiz ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ortaq qətiyyətlərini ifadə ediblər.

Sənəddə ölkələr BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliklərini bir daha təsdiqləyiblər. Eləcə də, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini bir daha ifadə edib. Eyni zamanda, ölkələrimiz davamlı tərəfdaşlıqların etimad üzərində qurulduğunu tanıyaraq, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyini təsdiqləyib.

“Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ilk bəndi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlıdır. Belə ki, ölkələr regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul etdiklərini vurğulayıblar. Yəni, Azərbaycanla Britaniya artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər” – deyən, deputatın fikrincə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir.