Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

"Unikal" xəbər verir ki, görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır.

Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.