Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının “Ziya Bünyadov prospekti 3” ünvanında yerləşən ərazi partiya təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrə həsr olunmuş görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının partiyanın inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib. O, qurultayın partiyadaxili birliyin və ümumxalq həmrəyliyinin növbəti təzahürü kimi mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ərazi partiya təşkilatının sədri Yeganə Cabbarlı çıxışında Prezident İlham Əliyevin qurultayda irəli sürdüyü ideyaların partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib. O bildirib ki, ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri bu ideyaları yerlərdə düzgün şəkildə təbliğ etmək, partiya üzvləri arasında ideoloji işi gücləndirmək və onların ictimai-siyasi fəallığını artırmaqdır.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Partiyanın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqinin dövlət müstəqilliyinin və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, eləcə də təbliğat və ideoloji işin düzgün təşkili baxımından mühüm istiqamətləri müəyyənləşdirdiyini vurğulayıb.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Prezident İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn əsas prioritetlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədə siyasi sabitliyin qorunması, sosial-iqtisadi tərəqqinin təmin olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. Vüsar İsmayılov partiyanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərin həyata keçirilməsində fəal iştirak edəcəyini və ölkəmizin davamlı inkişafına töhfə verəcəyini bildirib.