“A.Sultanova küç. 5” ünvanı üzrə (Azərbaycan Memarlıq və İnşaat Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq keçirilən görüşün mühüm elmi, strateji və ideoloji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən tarixi dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin reallaşdırılması kontekstində mühəndis və memar kadrlarının hazırlanması baxımından ali məktəb kollektivinin qarşısına mühüm vəzifələr qoyub. Rektor qeyd edib ki, universiteti təmsil edən fəal professor-müəllim və tələbə heyəti cənab Prezidentin rəhbərliyi ilə ölkədə yürüdülən möhtəşəm quruculuq siyasətinə hər zaman dəstək verir və partiya ideyalarının gənclər arasında təbliğində ön sıralarda olmağa davam edəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, postmüharibə dövründə Böyük Qayıdış strategiyasının uğurlu icrası və müasir ali təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi stabilliyinin, iqtisadi və intellektual tərəqqisinin ana sütunu olmuşdur. Ulu Öndərin uzaqgörən dövlətçilik xəttini böyük mütəşəkkilliklə sürdürən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional liderliyini daha da möhkəmləndirmişdir. Qazanılan bu tarixi Zəfərlər partiyamızın yürütdüyü ardıcıl siyasi kursun, dövlətimizin iqtisadi-sənaye qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir.
B.Nəbiyev diqqətə çatdırıb ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz tikinti-quruculuq və bərpa işləri Azərbaycan mühəndislik və memarlıq məktəbinin peşəkarlığına söykənir. Universitetin alimləri, gənc tədqiqatçıları və tələbələri yalnız müasir biliklərə yiyələnməklə kifayətlənməməli, həm də milli-mənəvi dəyərlərimizə, dövlətçilik təfəkkürünə və partiya ideallarına sadiq vətənpərvər ziyalılar kimi yetişməlidirlər.
Çıxış edənlər Universitetin "ST və MKS" fakültəsinin “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və “Nəqliyyat” fakültəsinin “FH və HFT” kafedrasının baş müəllimi, AzMİU THİK sədri Şahmar Rəfili universitetdə aparılan tədris və elmi-tədqiqat işləri, tələbələrin sosial-ictimai həyatındakı fəallığı və ərazi partiya təşkilatının təşkilati fəaliyyətindən söz açıblar. Vurğulanıb ki, Prezident İlham Əliyevin ölkədə ali təhsilin və elmin inkişafına, gənc mütəxəssislərin dəstəklənməsinə göstərdiyi diqqət və qayğı kollektivi yeni elmi uğurlara kökləyərək daha əzmlə çalışmağa sövq edir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.



.jpg)



























.jpg)

















