Oktyabrın 26-da İrlandiya Respublikasının Cənub-Şərq Texnologiya Universitetinin (SETU) professoru Larry Stapleton Azərbaycan Texniki Universitetində (AzTU) olub.
"Unikal" xəbər verir ki, səfər AzTU-nun Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Beynəlxalq Avtomatik İdarəetmə Federasiyasının (IFAC) “Pawel J. Nowacki Distinguished Lecturer” proqramı üzrə seçilmiş məruzəçisi, həmçinin “TECIS 2027” beynəlxalq konfransının Beynəlxalq Proqram Komitəsinin sədri olan professor AzTU-nun rektoru professor Vilayət Vəliyevlə görüşüb.
Görüş zamanı rektor qonağa AzTU-da təhsil, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində görülən işlər barədə məlumat verib. Tərəflər "IFAC" və "SETU" ilə əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
Daha sonra professor Larry Stapleton AzTU və digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də tələbələrə “İnsan–maşın sistemlərinin gələcəyinin formalaşdırılması” (Shaping Human–Machine Futures) mövzusunda mühazirə oxuyub.
Mühazirə zamanı professor intellektual idarəetmə və avtomatlaşdırma texnologiyalarının cəmiyyətə və təşkilatlara təsirindən bəhs edib. O bildirib ki, intellektual sistemlər insan fəaliyyətinin müxtəlif sahələrinə daha dərindən nüfuz etdikcə idarəetmə məsələləri təkcə texniki deyil, həm də sosial-texniki xarakter daşıyır.
Çıxışda səhiyyədə süni intellektin tətbiqi nümunəsi təqdim olunub, texnoloji səmərəliliklə insan amili arasında tarazlığın qorunmasının əhəmiyyəti vurğulanıb. Professor intellektual sistemlərin təhlükəsiz tətbiqində etik liderliyin, təşkilati mədəniyyətin və etimadın roluna diqqət çəkib, həmçinin insan və maşının birgə inkişafı konsepsiyasını izah edib. Sonda “IFAC”ın bu sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
Qeyd edək ki, mühazirə “IFAC TECIS 2027” beynəlxalq konfransına hazırlıq tədbirləri çərçivəsində təşkil olunub. Konfrans 2027-ci ilin oktyabrında AzTU-nun ev sahibliyi ilə keçiriləcək. Azərbaycan bu nüfuzlu elm tədbirinə 2018-ci ildən sonra ikinci dəfə ev sahibliyi edəcək.








.jpg)







.jpg)




























.jpg)



