"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində platformanın institusionallaşdırılması istiqamətində mühüm addım atılıb, forumun daimi katibliyi təsis edilərək dövlət tərəfindən dəstəklənib"
"Unikal" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirəsində çıxışı zamanş deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi bu prosesə görə əsas məsul qurumlardan biridir. Nazir müavini qeyd edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm sayca yeddinci forum, həm də 2011-ci ildə keçirilmiş ilk forumdan ötən 15 ilin tamam olması baxımından yubiley tədbiri idi.
F.Cəfərovun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu platforma mədəni diplomatiya sahəsində beynəlxalq səviyyədə tanınan ən mötəbər qlobal platformalardan, hətta beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yeganə qlobal mədəniyyətlərarası dialoq platforması kimi qəbul olunur.
O qeyd edib ki, forumların təşkili və bu prosesin formalaşdırılması uzun və çətin yol keçib. Nazir müavini forumun mövzusunun müəyyənləşdirilməsi prosesinə də toxunaraq bildirib ki, ötən ilin dekabrından beynəlxalq tərəfdaşlarla müzakirələr aparılıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təklifi və təşəbbüsü ilə forumun əsas mövzusu “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” olub.
F.Cəfərov bu mövzunun hazırkı dövr üçün olduqca aktual olduğunu vurğulayıb. O bildirib ki, beynəlxalq münasibətlərdə siyasi və iqtisadi təlatümlərin yaşandığı bir vaxtda hökumətləri, beynəlxalq təşkilatları, alimləri, dini liderləri və digər əsas qurumları bir araya gətirərək bu məsələləri müzakirə etmək Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Nazir müavini bildirib ki, forumun açılış mərasimində Prezident İlham Əliyev tədbirin tarixi, əhəmiyyəti, məqsədi və gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, dövlət başçısının çıxışında səsləndirilən məqamlar Mədəniyyət Nazirliyi və qanunvericilik qurumları üçün gələcək fəaliyyətin yol xəritəsi, eyni zamanda tarixi çıxışdan irəli gələn mühüm istiqamətlərdir.
F.Cəfərov Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən əsas məqamlardan birinin Azərbaycanın multikulturalizm modeli olduğunu deyib.
O qeyd edib ki, dövlət başçısı ölkədə yaşayan hər bir insanın azərbaycançılıq məfkurəsi ətrafında birləşdiyini, tolerantlıq və multikulturalizm modelinin bir sıra dövlətlər üçün nümunə olduğunu, beynəlxalq təşkilatlar tərəfindən də təqdim edildiyini xüsusi vurğulayıb.
Nazir müavini Prezidentin çıxışında ədalətin bərpasının Azərbaycan modelinə də geniş yer verildiyini bildirib. Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
“Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, bu təcrübə bir çox dövlətlər və beynəlxalq tərəfdaşlar tərəfindən tətbiq olunur”, – deyə F.Cəfərov bildirib.
O vurğulayıb ki, Azərbaycanın təcrübəsi yalnız müharibədə və diplomatiya masasında qazanılan qələbə ilə məhdudlaşmır. Bu model postmünaqişə dövründə aparılan quruculuq və bərpa işlərini, xüsusilə mədəniyyətin dirçəldilməsini də əhatə edir.
Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası prosesi artıq əyani şəkildə müşahidə olunur. Onun sözlərinə görə, VII Forum çərçivəsində keçirilən ən böyük tədbirlərdən biri də postmünaqişə dövründə maddi və qeyri-maddi mədəni irsin dirçəldilməsi ilə bağlı Azərbaycan modelinin beynəlxalq səviyyədə tədqiqinə həsr olunub.
F.Cəfərov qeyd edib ki, aparılan quruculuq işlərində tarixi və dini abidələrin bərpası, onların ilkin memarlıq və tikinti xüsusiyyətlərinin qorunması, eləcə də həmin ərazilərdə mövcud olmuş adət-ənənələrin yenidən yaşadılması əsas məsələlərdəndir.
O, həmçinin Prezident İlham Əliyevin çıxışında Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və müxtəlif platformalara sədrliyi məsələlərinin xüsusi vurğulandığını bildirib.
Nazir müavininin sözlərinə görə, bu baxımdan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatına sədrliyi, eləcə də qarşıdakı illərdə beynəlxalq tədbirlərə ev sahibliyi ilə bağlı fəaliyyəti diqqətə çatdırılıb.
F.Cəfərov forumun gələcək inkişaf perspektivlərinə də toxunub. O bildirib ki, builki tədbirdə 500-dən çox xarici qonaq iştirak edib. Onların arasında hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı, müxtəlif sahələri təmsil edən alimlər, mədəniyyət xadimləri, dini liderlər, gənclər, qadın və digər ictimai liderlər də olub.
Nazir müavini vurğulayıb ki, müxtəlif ictimai və peşəkar seqmentləri təmsil edən bu iştirakçılar ilk dəfə forum çərçivəsində bu qədər geniş tərkibdə bir araya gəliblər. Onun fikrincə, bu, Bakı Prosesinin gələcəkdə cəmiyyətin bütün təbəqələrinə və müxtəlif auditoriyalara xitab edən platformaya çevrilməsinin nümunəsidir.
O bildirib ki, Prezident İlham Əliyevin iradəsi ilə cari ilin əvvəlindən forumun institusionallaşdırılması prosesinə başlanılıb. Bu çərçivədə müzakirə olunan forumun daimi katibliyi artıq təsis edilib və dövlət tərəfindən dəstəklənib.
F.Cəfərov əlavə edib ki, forumun yekununda bütün iştirakçıların yekdilliklə qəbul etdiyi bəyanatda tədbir çərçivəsində müzakirə olunan məsələlər bir daha əksini tapıb. Eyni zamanda, sənəddə Azərbaycanın və Bakı Prosesinin qlobal mədəniyyətlərarası dialoq platforması kimi rolu bir daha təsdiqlənib.
Anar Kəlbiyev







.jpeg)























.jpg)




.jpg)

