Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi ictimai nəqliyyat, beynəlxalq nəqliyyat dəhlizləri, logistika və turizm sahələri üzrə ekspertlərlə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə ADY-nin son illərdə həyata keçirdiyi layihələr, sərnişin və yük daşımaları sahəsində əldə olunmuş nəticələr, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də mövcud çağırışlar və gələcək prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
ADY sədri Rövşən Rüstəmov dəmir yolu nəqliyyatının ölkənin sosial-iqtisadi inkişafında, əhalinin mobilliyinin genişləndirilməsi və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, ADY fəaliyyətində sərnişin məmnuniyyətinin yüksəldilməsini, xidmət keyfiyyətinin artırılmasını, təhlükəsiz və dayanıqlı daşımaların təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
Görüşdə diqqətə çatdırılıb ki, 2026-cı ilin yanvar–oktyabr aylarında ADY tərəfindən 9,8 milyon sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. Təkcə oktyabrda bir ay ərzində daşınmış sərnişin sayına görə ən yüksək göstərici – 1,3 milyon nəfərdən çox sərnişin qeydə alınıb. Abşeron dairəvi dəmir yolu marşrutu ilə daşınan gündəlik sərnişin sayı isə son iki ildə 36 mindən 52 min nəfərə yüksəlib.
Sərnişindaşıma sahəsində aparılan islahatlar, yeni marşrutların istifadəyə verilməsi, mövcud xətlərin bərpası və müasir hərəkət tərkibinin alınması istiqamətində görülən işlər barədə də məlumat verilib. Bakı–Balakən və Bakı–Ağdam marşrutlarının bərpası, Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması, Gəncə–Qəbələ istiqamətində gündəlik sərnişindaşımanın təşkili, həmçinin Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması xüsusi qeyd olunub.
Abşeronda dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı müzakirələr zamanı sərnişin sıxlığının azaldılması, hərəkət cədvəlinin optimallaşdırılması, Xırdalan istiqamətində infrastrukturun yenilənməsi, stansiya və dayanacaqlarda sərnişinlərin rahatlığının artırılması məsələlərinə toxunulub. Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt xətlərinin təkmilləşdirilməsi, yeni şəhərətrafı xətlərin bərpası və 20 yeni sərnişin qatarının alınması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, rəqəmsal xidmətlərin inkişafı, onlayn bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin operativ məlumatlandırılması, ödəniş sistemlərinin müasirləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün digər əsas müzakirə mövzusu Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit potensialının gücləndirilməsi olub. Bildirilib ki, 2026-cı ilin ilk 10 ayında ADY üzrə yükdaşıma həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 15,7 milyon tona çatıb. Tranzit daşımaların həcmində isə 20 faiz artım qeydə alınıb.
Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi, Astara Terminalının inşası və Bakı Limanının imkanlarının genişləndirilməsi barədə məlumat verilib. Vurğulanıb ki, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Bakı Limanının ADY-nin idarəetməsinə verilməsinin dəmir yolu və dəniz nəqliyyatı arasında əlaqələndirmənin gücləndirilməsi baxımından yaratdığı imkanlara da toxunulub. Cari ilin ilk 10 ayında limanda konteyner aşırmalarının həcmi 31 faiz artaraq 112 mindən çox TEU təşkil edib ki, bu da rekord göstəricidir.
Müzakirələr zamanı beynəlxalq daşımaların rəqabətqabiliyyətliliyinin artırılması, logistika zəncirində mövcud darboğazların aradan qaldırılması, vaqon parkının genişləndirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, yükdaşımaların rəqəmsallaşdırılması və süni intellektin imkanlarından istifadə məsələlərinə xüsusi diqqət ayrılıb.
Dəmir yolu nəqliyyatının turizmin inkişafındakı roluna da toxunulub. Regionlara sərnişin marşrutlarının genişləndirilməsinin ölkədaxili turizmin təşviqinə, bölgələrin nəqliyyat əlçatanlığının artırılmasına və regional iqtisadi fəallığın gücləndirilməsinə töhfə verdiyi bildirilib.
ADY rəhbərliyi ekspertləri maraqlandıran məsələlərə aydınlıq gətirib, təklifləri dinləyib, xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində görülən və planlaşdırılan işlər barədə məlumat verib.
Sonda ADY sədri Rövşən Rüstəmov ekspert ictimaiyyəti ilə açıq və konstruktiv dialoqun əhəmiyyətini vurğulayaraq bu cür görüşlərin qarşılıqlı fikir mübadiləsi, peşəkar təkliflərin öyrənilməsi və dəmir yolu nəqliyyatının inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından faydalı olduğunu bildirib. ADY-nin müvafiq sahələr üzrə mütəxəssislərlə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu qeyd edilib.





















.jpg)




.jpg)













