IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” mövzusunda tədbir təşkil edilib.

"Unikal" xəbər verir ki, ilk olaraq iştirakçılara şəhər mühitində təmiz havanın vacibliyinə həsr olunmuş IDEA tərəfindən hazırlanmış qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva hava çirklənməsinin insan sağlamlığına təsirlərindən bəhs edərək daha sağlam və dayanıqlı şəhərlərin formalaşdırılmasında ekoloji amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi istiqamətində həyata keçirilən tədbirlərə toxunub. O, həmçinin IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi, ağacəkmə aksiyaları və şəhər mühitinin yaşıllaşdırılmasına yönəlmiş digər təşəbbüslərinin rolunu qeyd edib.

COP29-un prezidenti, Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tədbirdə çıxış edərək havanın keyfiyyətinin yaxşılaşdırılması ilə iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı əlaqəsini vurğulayıb. O, şəhərlərdə zərərli tullantıların azaldılması, dayanıqlı nəqliyyat sistemlərinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali havanın keyfiyyətinin monitorinqi, atmosferə zərərli tullantıların azaldılması, şəhərlərin ekoloji idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərinə xüsusi diqqət yetirib.

Daha sonra tədbir panel müzakirəsi ilə davam edib. Böyük Britaniyanın Lordlar Palatasının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patricia Scotlandın moderatorluğu ilə keçirilən paneldə Kopenhagen Universitetinin nümayəndəsi, iqlim və sağlamlıq məsələləri üzrə ekspert Robb Butler, Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Nazirliyi yanında İqlim Dəyişmələri üzrə Milli Mərkəzin direktor müavini Timur Sabitov, eləcə də BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hava keyfiyyətinin tənzimlənməsi və idarə olunması üzrə hüquq mütəxəssisi Renee Gift iştirak ediblər.

Panel çərçivəsində hava çirklənməsinin azaldılması, ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı, yaşıl infrastrukturun şəhərsalma proseslərinə inteqrasiyası və iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin insan sağlamlığına müsbət təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə havanın keyfiyyətinin yaxşılaşdırılması və daha sağlam şəhər mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqinin və iqlim siyasəti ilə ictimai sağlamlıq tədbirlərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.