ABŞ-ın paytaxtı Vaşinqtonda idman zalında baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxs hadisədən sonra yaşayış binasına daxil olaraq binanın yeddinci mərtəbəsindəki mənzildə barrikada qurub.

Polis əməkdaşları hadisə yerinə gələrək ərazidə genişmiqyaslı əməliyyata başlayıblar. Hüquq-mühafizə orqanlarının danışıqlarından təxminən bir saat sonra mənzildən atəş səsi eşidilib. Polis mənzilə daxil olduqda şübhəlini özünə açdığı güllə yarası ilə aşkar edib.

Şübhəlinin vəziyyəti ilə bağlı ilkin məlumat verilməsə də, NBC və Fox News onun öldüyünü bildirib. Bu məlumat anonim hüquq-mühafizə orqanları nümayəndələrinə istinadən yayılıb.

Vaşinqton Metropoliten Polis İdarəsinin müvəqqəti rəisi Cey V. Kerrollun sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisənin motivləri araşdırılır. Polis nə ölən şəxsin, nə də şübhəlinin kimliyini açıqlayıb.

XXX

18:34

ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində 5 nəfər güllələnib.

"Unikal" xəbər verir ki, Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.

Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.

Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.