24 oktyabr 2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH-nin məsul işçiləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər. 

Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı Şəhəri Gününün tarixi əhəmiyyətindən, rayonun zəngin mədəni irsindən və sakinlərinin doğma yurda sarsılmaz bağlılığından bəhs etdi. 1993-cü il avqustun 31-də baş verən işğalın Qubadlılıların həyatında dərin iz qoyduğunu xatırladan rayon rəhbəri, sakinlərinin böyük inam və qayıdış arzusu ilə yaşadığını vurğulayıb. 

Qeyd olundu ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun fədakarlığı sayəsində tarixi ədalət bərpa olundu. 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin işğaldan azad edilməsi Zəfər tariximizin mühüm səhifələrindən birinə çevrilib.  

Tədbirdə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı prosesinin dövlət siyasətinin prioritet istiqaməti olduğu qeyd edildi, göstərilən diqqətə görə dövlət başçısına təşəkkür ifadə olundu. Şəhidlərimizin xatirəsini yaşatmagın və qazilərə qayğı göstərməyin mənəvi borc olduğu xüsusi vurğulanıb. 

Digər çıxış edənlər “Tərəqqi” medallı, Əməkdar müəllim Ədalət Əsədov və Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İmanov Qubadlının azadlığı uğrunda aparılan mübarizənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışdılar.

Tədbirin sonunda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulandı, doğma Qubadlımızın yenidən bərpası və çiçəklənməsi yolunda inamlı addımların davam edəcəyi vurğulanıb.