ABŞ alimləri müəyyən ediblər ki, gündə cəmi dörd dəqiqə güc məşqləri 65 yaşdan yuxarı insanların tarazlığını, ayaq əzələlərinin gücünü və hərəkət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
"Unikal" xəbər verir ki, “PLOS One” jurnalında dərc olunan araşdırma Pensilvaniya Universitetinin Tibb Kollecinin alimləri tərəfindən aparılıb.
Tədqiqatda orta yaş həddi 74 olan 97 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər. Bir qrup iştirakçı məşqlər edib, digər qrup isə nəzarət qrupu olaraq müəyyən müdaxilə olmadan müşahidə edilib.
Məşq proqramına dörd hərəkət daxil olub: jim, stuldan qalxıb-oturma, hər iki əllə dartma və pilləyə qalxma. Hər hərəkət 30 saniyə davam edib, aralarda isə 30 saniyə fasilə verilib. Beləliklə, məşqin ümumi müddəti dörd dəqiqə təşkil edib.
12 həftəlik araşdırmanın nəticələri müsbət olub. İştirakçılar 30 saniyə ərzində stuldan orta hesabla 4,2 dəfə daha çox qalxıb-otura biliblər. Bir ayaq üzərində tarazlığı qoruma müddəti 3,6 saniyə artıb, stuldan qalxmaq üçün sərf olunan vaxt isə 2,3 saniyə azalıb.
Məlum olub ki, iştirakçılar məşqləri günlərin 81 faizində yerinə yetiriblər. Bu isə qısa müddətli proqramın yaşlı insanlar üçün əlçatan olduğunu göstərir.
Tədqiqatın rəhbəri Kristofer Şamanna bildirib ki, insan orqanizmi qısa müddətdə də inkişaf edə bilər və müntəzəm təkrarlanan məşqlər əhəmiyyətli nəticələr verə bilər. O, fiziki aktivliyin insanın müstəqil yaşaması və istədiyi işləri görə bilməsi üçün vacib olduğunu vurğulayıb.
Müəlliflər qeyd ediblər ki, araşdırmada yıxılma hallarının və ya qocalar evinə yerləşdirilmə riskinin azalması birbaşa ölçülməyib. Bununla belə, tarazlığın və əzələ gücünün yaxşılaşması yaşlı insanların gündəlik həyatda müstəqilliyini qorumasına kömək edə bilər.
Alimlərin fikrincə, avadanlıq tələb etməyən və ev şəraitində yerinə yetirilə bilən dörd dəqiqəlik məşq proqramı vaxt və enerji çatışmazlığı səbəbindən idman etməkdə çətinlik çəkən insanlar üçün əlverişli seçim ola bilər.



.jpg)






























.jpg)

.jpg)



















