Almaniya üçün Alternativ (AfD) partiyası 1990-cı il dünya çempionu, keçmiş alman futbolçu Tomas Bertoldun Almaniya prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, AfD partiyası namizədini Berlində keçiriləcək partiya toplantısı zamanı rəsmən elan etməyi planlaşdırır.

Qeyd edək ki, noyabrın 9-da Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Aignerin prezidentliyə namizədliyini dəstəkləyib. O, bu barədə Berlində CDU nümayəndələri ilə görüşündə açıqlama verib.

Almaniyada prezident seçkilərinin 2027-ci il yanvarın 30-da keçirilməsi nəzərdə tutulur. Ölkə prezidenti Federal Məclis tərəfindən seçilir.

Prezident postuna mümkün namizədlər arasında Bavariya parlamentinin sədri İlze Aigner, Bundestaqın sədri Yuliya Klyokner, təhsil naziri Karin Prien və digər şəxslər var. Hazırda əsas namizəd kimi İlze Aigner göstərilir.