Almaniyanın şərqində, Bad-Düben şəhərində yerləşən Şnadits qalası cəmi 1 avroya satışa çıxarılıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, təxminən 800 illik tarixi olan qala hazırda yararsız vəziyyətdədir və yeni sahibini genişmiqyaslı bərpa işləri gözləyir. Bununla belə, binanın dam örtüyü hələ də su keçirmir.

Sahəsi təxminən 1012 kvadratmetr olan qala su üzərində inşa edilmiş istehkamdır. Burada cəngavərlər zalı və iki qüllə yerləşir. Vaxtilə qala fon Çaşnits zadəgan ailəsinin iqamətgahı olub. Ailə alman yazıçısı Henrix fon Kleystin “Mixael Kolhaas” novellası ilə də tanınır.

1945-ci ildə milliləşdirilən qalada sonradan poçt, uşaq bağçası, yaşayış və inzibati məkanlar fəaliyyət göstərib. 1990-cı illərdə isə uzun müddət istifadəsiz qalıb.

2014-cü ildə qala amerikalı qadın və onun oğlu tərəfindən satın alınıb. Onlar burada hotel-restoran kompleksi yaratmağı planlaşdırıblar. Lakin maliyyə çatışmazlığı səbəbindən layihə 2018-ci ildə dayandırılıb və qala yenidən bələdiyyənin mülkiyyətinə keçib.

Yerli dairənin rəhbəri Matthias Mitt bildirib ki, tarixi əhəmiyyət daşıyan tikilinin gələcək sahibi onun bərpası üçün ciddi vəsait xərcləməli olacaq.