8 Noyabr – Zəfər Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olundu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, ölkənin hərtərəfli inkişafı və güclü ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətləri bir daha ehtiramla xatırlandı.
"Unikal" xəbər verir ki, daha sonra tədbir iştirakçıları Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyuldu.
Ardınca iştirakçılar Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış oldular. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, Azərbaycan əsgərinin şücaətini, xalqımızın birlik və həmrəyliyini əks etdirən materiallar nümayiş etdirildi.
Goranboy rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı.
O qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın milli birliyinin, həmrəyliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza böyük Zəfər yaşadaraq ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi.
Rayon rəhbəri bildirdi ki, bu Qələbə Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik, birlik və fədakarlıq nümunəsidir. Vətən müharibəsində iştirak edən hər bir əsgər və zabitin, ön və arxa cəbhədə əzmkarlıq göstərən bütün həmvətənlərimizin xidmətləri daim yüksək qiymətləndirilir.
Məhərrəm Quliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli ordumuzun formalaşdırılması və gücləndirilməsi istiqamətindəki tarixi xidmətlərini də xüsusi vurğulayaraq Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan qüdrətli dövlətə və güclü orduya çevrilib, tarixi Zəfərini qazandığını qeyd etdi.
İcra başçısı Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının bundan sonra da davam edəcəyini bildirdi.
Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olundu. Konsertdə səsləndirilən vətənpərvərlik ruhlu mahnılar, qəhrəmanlıq və Vətən sevgisini tərənnüm edən musiqi nömrələri tədbir iştirakçılarına xoş anlar yaşatdı.


















.jpeg)
.jpg)
.jpg)


.jpg)





























