Samux şəhərində yerləşən Heydər Parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış Samux Şəhidləri Kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayon sakinlərini 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu möhtəşəm tarixi Qələbənin Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirib.
Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib. Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirib ki, milli birlik, güclü dövlətçilik və sarsılmaz iradə qarşısında heç bir qüvvə dayana bilməz.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş bayram konserti təşkil edilib. Konsert proqramında səsləndirilən bir-birindən rəngarəng vətənpərvərlik, qəhrəmanlıq və Zəfər ruhlu mahnılar iştirakçılara unudulmaz bayram ovqatı bəxş edib.
Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Səmada parlayan rəngarəng atəşfəşanlıq Samux sakinlərinin Zəfər sevincinə, Vətənə sonsuz sevgisinə və qalib xalq olmağın qüruruna xüsusi təntənə qatıb.
8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq! Bu Zəfər bizim qürurumuz, birliyimiz və gələcək nəsillərə ötürəcəyimiz ən böyük tarixi mirasımızdır!


























.jpeg)
.jpg)
.jpg)


.jpg)






















