4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatı Azərbaycan milli komandası üçün uğurlu nəticələrlə yadda qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Altı qitədən 367 gimnastın qatıldığı mötəbər yarışda müxtəlif proqramlar üzrə 16 dünya çempionluğu titulu uğrunda mübarizə aparılıb. Azərbaycan gimnastları yarış boyunca yüksək nəticələr nümayiş etdirərək 1 qızıl və 2 gümüş medal qazanıblar.
Millimizin ən böyük uğuru tamblinq üzrə komanda yarışında qeydə alınıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət milli komandamız təsnifat mərhələsini lider kimi başa vuraraq finala birinci pillədən yüksəlib.
Həlledici mərhələdə də üstün çıxışını davam etdirən gimnastlarımız 25 xal toplayaraq dünya çempionu olublar. Azərbaycan millisi finalda Danimarka komandasını 1 xal, ABŞ yığmasını isə 5 xal qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bu qələbə millimizin dünya tamblinqində ardıcıl uğurlarının davamı olub. Azərbaycan komandası 2023 və 2025-ci illərdən sonra üçüncü dəfə komanda hesabında dünya çempionu tituluna sahib çıxaraq üçqat dünya çempionu adını qazanıb.
Tamblinq üzrə fərdi proqramda da milli komandamız medal sevinci yaşayıb. Tofiq Əliyev final mərhələsində 29.700 xal toplayaraq dünya çempionatının gümüş medalına sahib olub. Bu nəticə gimnastımızın fərdi proqramda dünya çempionatlarında qazandığı ilk gümüş medal kimi tarixə düşüb.
Finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl, ABŞ gimnastı Kaden Brown isə bürünc medala sahib olub.
Digər təmsilçimiz Mixail Malkin fərdi proqramda mübarizəni 1/8 mərhələsində tamamlayıb.
Tamblinq üzrə fərdi proqramda çıxış edən Aleksey Karataşov ilk təsnifat mərhələsində 54.400 xal toplayaraq 11-ci pillədən ikinci təsnifat mərhələsinə yüksəlib. İkinci təsnifat mərhələsində isə 26.800 xal toplayaraq yarışı 13-cü pillədə başa vurub.
Adil Hacızadə isə ilk təsnifat mərhələsində 52.900 xal toplayaraq 19-cu pillədə qərarlaşıb və fərdi mübarizəni başa vurub.
Qeyd edək ki, Aleksey Karataşov böyüklər yaş kateqoriyasında dünya çempionatında ilk dəfə iştirak edib və eyni zamanda milli komandanın komanda hesabında qazandığı qızıl medalın sahiblərindən biri olub.
Batut gimnastikasında da Azərbaycan təmsilçiləri tarixi nəticəyə imza atıblar. Qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov təsnifat və yarımfinal mərhələlərini uğurla keçərək finala yüksəliblər.
Həlledici mərhələdə bacı-qardaş tandemi 52.010 xal toplayaraq dünya çempionatının gümüş medalını qazanıb. Bununla da Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda Azərbaycan gimnastika tarixinə dünya çempionatının ilk gümüş medalçıları kimi düşüblər.
Finalda Belarus təmsilçiləri birinci, Yaponiya gimnastları isə üçüncü pillədə qərarlaşıblar.
Selcan Mahsudova fərdi proqramda da uğurlu çıxış nümayiş etdirib. O, yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı pillədən finala yüksəlib. Bu mərhələdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i 6 pillə qabaqlayan gimnastımız dünyanın ən güclü batut gimnastları sırasında finalda mübarizə aparmaq hüququ əldə edib.
Noyabrın 8-də keçirilən final mərhələsində Selcan Mahsudova 56.580 xal toplayaraq dünya çempionatını 6-cı pillədə başa vurub.
Kişilərin fərdi proqramında çıxış edən Maqsud Mahsudov yarımfinal mərhələsində 37.850 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.
Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov ilk təsnifat mərhələsində 50.900 xal toplayaraq ikinci təsnifat mərhələsinə yüksəliblər. Təmsilçilərimiz növbəti mərhələni 15-ci pillədə başa vurublar. Qeyd edək ki, Hüseyn Abbasov böyüklər yaş kateqoriyasında dünya çempionatında ilk dəfə iştirak edib.
Beləliklə, Azərbaycan milli komandası Nankində keçirilən dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurub.














































.jpeg)
.jpg)
.jpg)
