Qırğızıstan prezidenti Sadır Japarov Rusiyanın enerji nəhəngi “Qazprom”a sərt xəbərdarlıq edib. O, şirkətin ölkənin qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə qaz infrastrukturunun dövlət nəzarətinə qaytarılacağını bildirib.
"Unikal" xəbər verir ki, Japarov bu barədə Talas vilayətinin Aytmatov və Manas rayonlarının sakinləri ilə görüşündə danışıb.
“Kaktus Media”nın məlumatına görə, görüş zamanı Semetey kəndinin sakini Kurmanbek Takeyev prezidentdən Manas rayonuna təbii qaz çəkilməsini xahiş edib.
Japarov isə bildirib ki, ölkənin qaz infrastrukturu Rusiyanın “Qazprom” şirkətinə məxsus olduğundan hökumət bu sahədə müstəqil qərar qəbul edə bilmir.
“Qazprom sahibdir. Buna görə də Qırğızıstan ərazisində qazla bağlı məsələləri yalnız onlarla həll edə bilərik. Hələlik vəziyyət belədir”, – deyə prezident bildirib.
Japarovun sözlərinə görə, Rusiya şirkəti ilə bağlanan müqavilədə bütün ölkənin qazlaşdırılması üçün investisiya ayrılması nəzərdə tutulsa da, bu öhdəliklər indiyədək tam yerinə yetirilməyib.
Prezident bildirib ki, artıq bir neçə ildir “Qazprom” rəhbərliyinə xəbərdarlıq edir:
“İki-üç ildir bu məsələni qaldırıram. ‘Qazprom’a deyirəm ki, əgər bunu etməsəniz, ‘Kumtor’ kimi geri alacağam və özüm həyata keçirəcəyəm. Amma qaz infrastrukturu bizə keçməyincə sizə söz verə bilmərəm”.
Japarovun xatırlatdığı “Kumtor” Qırğızıstanın ən böyük qızıl hasilatı layihəsidir.
1992-ci ildən bu yataq Kanadanın Cameco, daha sonra isə Centerra Gold şirkətləri tərəfindən idarə olunub.
2021-ci ilin mayında Qırğızıstan hakimiyyəti ekoloji qanun pozuntuları və vergi öhdəlikləri ilə bağlı ittihamlar irəli sürərək müəssisəyə müvəqqəti xarici idarəetmə tətbiq edib.
Bişkek məhkəməsi şirkətin ətraf mühitə vurduğu zərərə görə təxminən 3,1 milyard dollar kompensasiya ödəməsi barədə qərar çıxarıb.
Centerra Gold bu addımları beynəlxalq arbitrajda mübahisələndirsə də, 2022-ci ilin aprelində tərəflər razılığa gəliblər.
Razılaşmaya əsasən, Kanada şirkəti “Kumtor” layihəsindəki səhmlərini Qırğızıstanın dövlətə məxsus “Qırğızaltın” şirkətinə təhvil verib, Bişkek isə qarşı tərəfə olan iddialarından imtina edib.
Rusiya Qırğızıstanın qaz sistemini cəmi 1 dollara alıbmış.
Məsələnin ən diqqətçəkən tərəfi “Qazprom”un Qırğızıstanın qaz infrastrukturuna hansı şərtlərlə sahib olmasıdır.
Rusiya ilə Qırğızıstan 2013-cü ilin iyulunda qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar.
2014-cü ildə isə ölkənin qaz nəqli və paylayıcı şəbəkələrinə sahib olan “QırğızqazProm” şirkəti “Qazprom”a verilib.
Rusiya şirkəti bu aktivlər üçün cəmi 1 dollar ödəyibmiş.
Bunun müqabilində “Qazprom” Qırğızıstan qaz şirkətinin azı 40 milyon dollarlıq borcunu üzərinə götürüb və beş il ərzində infrastrukturun modernləşdirilməsinə ən azı 20 milyard rubl yatırmaq öhdəliyi qəbul edib.
Qırğızıstan isə Rusiya şirkətinə təbii qaz idxalı üzrə müstəsna hüquq verib və onun investisiyalarını milliləşdirmədən qorumağa zəmanət verib.
İndi Japarovun açıqlaması həmin razılaşmanın gələcəyini sual altına qoyur.
Bununla belə, qaz infrastrukturunun dövlətə qaytarılması barədə hələlik rəsmi qərar qəbul edilməyib. Prezidentin bəyanatı şirkətə ünvanlanmış xəbərdarlıq xarakteri daşıyır.

















.jpg)



















.jpg)





.jpg)








.jpeg)
