Axşama doğru Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb, güclü leysan yağıb, bəzi ərazilərə dolu düşüb.

"Unikal" xəbər verir ki, axşama doğru bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağıb.

Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə olunub. Rayon ərazisində davam edən güclü leysan yağışları nəticəsində ərazidən keçən dağ çaylarında suyun səviyyəsi xeyli artıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, leysan yağışları daha çox dağlıq və dağətəyi yaşayış məntəqələrinə düşüb. İlkin məlumatlara əsasən rayonun Yuxarı Tala kəndinə 15-20 dəqiqə ərzində irihəcmli dolu yağıb. Nəticədə dolu şəxsi təsərrüfatlarda ağaclara, alma, armud və digər meyvələrə zərər vurub.

Komissiyadan o da bildirilib ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir. Çaylarda sel daşqınlarının baş verməməsi üçün sahilə texnikalar cəlb edilib.