25 Oktyabr – Qubadlı şəhəri günü Azərbaycanın hərb tarixinə yazılmış şanlı Qələbənin, milli iradənin və doğma torpaqlara qayıdış əzminin təcəssümüdür. Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olub. Bu Zəfər Azərbaycan dövlətinin qətiyyətini, Ordumuzun gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirir.

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari xatırladıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikirləri bu tarixi günün xalqımız üçün daşıdığı mənanı ifadə edir.

"1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə 29 997 nəfər doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Rayonun yaşayış evləri, inzibati binaları, məktəbləri, mədəniyyət obyektləri, məscidləri, körpüləri və təsərrüfat infrastrukturu dağıdıldı. İşğal Qubadlının sosial-iqtisadi həyatına ağır zərbə vurmaqla yanaşı, minlərlə insanın taleyində dərin izlər buraxdı.

Bütün çətinliklərə baxmayaraq, qubadlılıların doğma yurda qayıdış ümidi sönmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi uğrunda ardıcıl uğurlar qazandı. Qubadlı istiqamətində döyüşlər xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhərdə və ətraf yüksəkliklərdə möhkəmləndirilmiş müdafiə mövqeləri yaradılmışdı. Azərbaycan hərbçiləri mürəkkəb döyüş şəraitində strateji yüksəklikləri və ətraf yaşayış məntəqələrini nəzarətə götürərək şəhərin azad edilməsi üçün əlverişli şərait yaratdılar. Oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə Ermənistanın hərbi mövqelərinə ciddi zərbə vurdu və ordumuzun Laçın istiqamətində irəliləməsi üçün yeni imkanlar yaratdı. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun 41 kəndi də azad edildi.

Qubadlı uğrunda döyüşlərdə göstərilən igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 15 209 hərbi qulluqçu bu medalla təltif olundu. 

Tarixi Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Qubadlıda həyata keçirilən layihələr bu məqsədə xidmət edir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Müasir yaşayış məhəllələrinin salınması, mühəndis-kommunikasiya sistemlərinin qurulması və sosial infrastrukturun yaradılması planlı quruculuq siyasətinin tərkib hissəsidir.
Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Ümumi ərazisi 3,34 hektar olan kompleksdə 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulub. Mahruzlu və Zilanlı kəndlərində də yenidənqurma işləri aparılır. Mahruzluda birinci mərhələdə 190, Zilanlıda isə 159 evin tikintisi planlaşdırılıb. Bu layihələr doğma yurda qayıdacaq ailələrin rahat yaşayışı üçün zəruri şərait yaradacaqdır.

Qubadlının inkişafında yol infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 28,5 kilometr olan Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi rayonun yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, təsərrüfat fəaliyyətinin canlanmasına və əhalinin xidmətlərə çıxışının asanlaşmasına xidmət edir.

2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi istiqamətində də tədbirlər nəzərdə tutulub. Bu yolların inkişafı bölgənin nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, iqtisadi əlaqələrin möhkəmlənməsinə də şərait yaradacaq. Qubadlının münbit torpaqları, geniş örüş sahələri və təbii sərvətləri kənd təsərrüfatının yenidən canlandırılması üçün əlverişli imkanlar yaradır. Müasir texnologiyaların tətbiqi, sahibkarlığın təşviqi və istehsal sahələrinin inkişafı rayonun iqtisadi həyatının bərpasına töhfə verəcəkdir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə oktyabrın 25-i Qubadlı şəhəri günü kimi müəyyənləşdirilib. Bu tarix şəhidlərin xatirəsini ehtiramla yad etmək, hərbçilərimizin qəhrəmanlığını xatırlamaq və azad edilmiş torpaqlarda görülən işləri dəyərləndirmək baxımından xüsusi məna daşıyır.

Bu gün Qubadlıda aparılan quruculuq işləri Azərbaycanın tarixi Qələbədən sonra müəyyənləşdirdiyi hədəflərin ardıcıl həyata keçirildiyinin göstəricisidir. Yeni yaşayış binaları, bərpa olunan kəndlər, çəkilən yollar və yaradılan infrastruktur doğma yurda qayıdışın real əsaslarını formalaşdırır.

Qubadlı artıq yalnız azad edilmiş şəhər deyil, həm də milli iradənin, dövlət qətiyyətinin və gələcəyə inamın rəmzidir. 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında azadlığın, qürurun və doğma yurda qayıdışın rəmzi kimi yaşayacaqdır".