Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçalada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Müşavirədən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

 Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmasını, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyətini vurğulayıb, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb.

RİH-nin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsi olaraq Azərbaycanın böyük inkişaf yolu keçdiyini, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsini, iqtisadi potensialının artmasının, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasını xüsusi olaraq qeyd edib. Prezident cənab İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran strateji hədəfləri, dövlət siyasətinin əsas prioritetlərini və qarşıdakı dövrdə həyata keçirilməli olan mühüm vəzifələrini özündə əks etdirdiyini diqqətə çatdırıb.

Rayon rəhbəri xüsusilə gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin,  milli-mənəvi dəyərlərin qorunması, onların təhsilinə və inkişafına diqqətin artırılması, dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılması və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə sistemli fəaliyyətin təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, gənclərin ictimai təşəbbüslərə cəlb edilməsi və dövlətçilik ənənələrinin təbliğini əsas vəzifələr kimi diqqətə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və rayonun sosial-iqtisadi inkişafı istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğunu bildirərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğunu diqqətə çatdırıb.
Neftçala RİH-in başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında müşavirə iştirakçılarını məlumatlandırıb.

Çıxış edən natiqlər- Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Vətən müharibəsi iştirakçısı və Şirvan - Salyan Regional Təhsil     İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Vüqar Qələşov, Veteran təhsil işçisi, "Əməkdar müəllim" Hüsniyyə Zeynalova və "Neftçala- Gündoğar" qəzetinin redaktoru Bədirə Niftalıyeva  Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində milli birliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinə sədaqətin müstəsna rolunu, gənc nəslin Vətən qarşısında məsuliyyət ruhunda yetişdirilməsini, təhsil və maarifləndirmə vasitəsilə cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsini, bu istiqamətdə bütün ictimai qüvvələrin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.