Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 19-20 oktyabr 2026-cı il tarixində Qırğız Respublikasının Bişkek şəhərində XV plenar iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclas çərçivəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, akademik Əhliman Əmiraslanov komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı ilə bağlı çıxış etmişdir.

Komissiyasının sədri Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, “...TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri" mövzusuna dair tövsiyə qərarı təsdiq edilməsi üçün plenar iclasa təqdim edilir. Həmin sənəd digər sənədlər kimi üzv tərəflərə göndərilib və Komissiya üzvləri artıq təkliflərin mətni ilə tanışdır. Qeyd etmək istərdim ki, bu tövsiyələr hesabat məruzəsində əks olunan məsələlər və tərəflərdən daxil olan  tövsiyə xarakterli təkliflər əsasında hazırlanıb və TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi ilə mübarizə sahəsində əməkdaşlığın inkişafına yönəlib.  Bu məsələ bu gün yalnız Türk dövlətləri regionu  ilə bağlı olmayıb, bütün dünyada strateji əhəmiyyət daşıyan məsələlərdəndir. Ətraf mühitin çirklənməsindən yaranan problemlər bizim ortaq əməkdaşlığımızın gücləndirilməsini tələb edir. Türk dövlətləri arasında digər sahələrdə olduğu kimi, bu sahədə də əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. TÜRKPA bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılması məqsədilə müvafiq istiqamətlərdə üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Təqdim olunan tövsiyə qərarı özündə TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi ilə bağlı əməkdaşlıq perspektivlərinin, birgə fəaliyyətin genişləndirilməsini, yaşıl texnologiyaların təşviqinə, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinə dair prinsiplərin tətbiqini ehtiva edir. Sənəddə, həmçinin tullantıların idarə olunması, çirkab suların təmizlənməsi, ekoloji maarifləndirmə və təmiz istehsal texnologiyalarının tətbiqi kimi mühüm istiqamətlərə yer verilib...” 

Həmçinin Əhliman Əmiraslanov sənəddə əks olunmuş tövsiyələrin TÜRKPA üzv dövlətlərinin müvafiq sahədəki qarşılıqlı əməkdaşlıqlarının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.