Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun tarixi-mədəni irs nümunələrinin qorunması, onların turizm potensialının inkişaf etdirilməsi və gələcək nəsillərə sağlam şəkildə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ölkə əhəmiyyətli memarlıq abidəsi olan Sanqaçal karvansarayında növbəti monitorinq keçirilib.
"Unikal" xəbər verir ki, baxış Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yaradılmış monitorinq qrupunun üzvü, Mədəniyyət Nazirliyinin abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəis vəzifəsini icra edən Emin İbrahimov iştirak ediblər.
Baxış keçirilmiş Sanqaçal karvansarayı Azərbaycan memarlığının XV əsrə aid qiymətli nümunələrindən biridir. Abidə Bakı şəhərinin Qaradağ rayonu, Sanqaçal qəsəbəsində, qədim Bakı–Salyan ticarət yolu üzərində yerləşir. Tarixi mənbələrə əsasən, karvansara Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–1440-cı illərdə inşa olunmuş və uzun illər ticarət karvanlarının əsas dayanacaq məntəqələrindən biri kimi fəaliyyət göstərmişdir.
İkimərtəbəli, dördbucaqlı plan quruluşuna malik olan tikili mişar daşından inşa edilmiş, səyyah və tacirlərin qalması üçün otaqlar, yardımçı təsərrüfat sahələri və müdafiə xarakterli memarlıq elementləri ilə seçilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə Sanqaçal karvansarası ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Monitorinq zamanı abidənin və ətraf ərazinin mövcud vəziyyəti qiymətləndirilib, tarixi irsin qorunması, ərazinin abadlaşdırılması və turizm baxımından daha cəlbedici vəziyyətə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Baxış zamanı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən operativ şəkildə təmizlik və abadlıq işləri həyata keçirilib. Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən tarixi-mədəni irs nümunələrinin qorunması, yerləşdikləri ərazilərin abad saxlanılması, ekoloji cəhətdən təmiz mühitin təmin olunması və onların turizm potensialının artırılması istiqamətində tədbirlər davam etdirilir. Tarixi abidələrin mühafizəsi və təbliği həm dövlət siyasətinin mühüm istiqamətlərindən biri, həm də milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.





























.jpg)






.jpg)











