Azərbaycan Texniki Universitetinin (AzTU) müdafiə sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrları hazırlayan Xüsusi texnika və texnologiya fakültəsində bakalavr tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

"Unikal" xəbər verir kii, müdafiədə AzTU-nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, nazirliyin məsul əməkdaşları iştirak ediblər.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Xüsusi texnika və texnologiya fakültəsi tələbələrinin buraxılış işlərinin mövzuları müdafiə sənayesinin aktual ehtiyacları nəzərə alınmaqla müəyyən edilir və bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi ilə sıx əməkdaşlıq həyata keçirilir.

Rektor qeyd edib ki, belə əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, eləcə də onların gələcək peşə fəaliyyətinə hazırlanmasına mühüm töhfə verir.
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov buraxılış işlərinin tələbələrin elmi, mühəndislik və praktiki hazırlığının qiymətləndirilməsində mühüm mərhələ olduğunu vurğulayıb. O, AzTU-da hazırlanan mütəxəssislərin gələcəkdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib, tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, məzunların müdafiə sənayesi müəssisələrində əmək fəaliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulur.