16 iyul 2026-cı il tarixində Pirallahı Gənclər Evində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan “Dovşanın ad günü” nağıl-poeması əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Əfəndiyevanın təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, şəhid ailələrinin övladları, məktəbəqədər təhsil müəssisələrinin uşaqları və ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, bu kimi mədəni-maarifləndirici layihələrin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların kitaba, teatra və milli-mənəvi dəyərlərə marağının artırılmasıdır. O vurğulayıb ki, uşaqların hərtərəfli inkişafına xidmət edən belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Günay Əfəndiyeva belə mədəni layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Pirallahı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Kukla Teatrının kollektivinə təşəkkürünü bildirib. Deputat qeyd edib ki, bu cür təşəbbüslər milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə və teatr mədəniyyətinə marağın artırılması, onların estetik zövqünün formalaşdırılması və cəmiyyətin mədəni inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışlardan sonra Azərbaycan Dövlət Kukla Teatrının kollektivi tərəfindən “Dovşanın ad günü” tamaşası nümayiş etdirilib. Böyük maraq və alqışlarla qarşılanan tamaşa uşaqlara xoş anlar yaşadıb, onlarda teatr sənətinə və bədii ədəbiyyata marağın daha da artmasına töhfə verib.
Yüksək əhval-ruhiyyə şəraitində başa çatan tədbirin sonunda iştirakçılar rəsmi qonaqlar və Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə birgə xatirə şəkli çəkdiriblər.





























.jpg)






.jpg)












