Bakı şəhər prokurorluğunda 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
"Unikal" xəbər verir ki, Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin siyasi iradəsi, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulayıb.
Müşavirə qeyd olunub ki, 2026-cı ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb və onların 93,2 %-nin açılması təmin olunub.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib
Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3148 cinayət işinin istintaqı tamamlanaraq 2338 iş məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib.
Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində həyata keçirilən tədbirlərin intensivliyinin artırılması barədə konkret tapşırıqlar verilib.
Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmaqla onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Hesabat dövründə Bakı Şəhər Prokurorluğuna 10 573 müraciət daxil olaraq baxılıb, ümumilikdə 1299 vətəndaş qəbulu həyata keçirilib, onlardan 173 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilib.
"Elektron Prokurorluq" informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri qeyd olunmaqla, bütün prokurorluq işçilərinin cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsinin təşkili prosesinə hazır olmalarının vacibliyi vurğulanıb.
Bakı Şəhər Prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda ötən illərdən bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının bir əməkdaşının intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunması qeyd edilib.
Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkədə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

































.jpg)






.jpg)







