Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub. Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin misilsiz rəşadəti və xalqımızın sarsılmaz birliyi nəticəsində düşmənin müqaviməti qırılıb, tarixi torpaqlarımız işğaldan azad edilib və 8 noyabr tariximizə Zəfər Günü kimi əbədi həkk olunub.
Bildirilib ki, bu möhtəşəm Zəfərin mənəvi əhəmiyyəti torpaqlarımızın azad edilməsi ilə məhdudlaşmır. Qələbə, eyni zamanda, xalqımızın milli həmrəyliyinin, yüksək vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətinin təntənəsidir. Əldə olunan tarixi Zəfər gələcək nəsillər üçün Vətənə sevgi və xidmətin parlaq nümunəsi kimi daim yaşayacaq.
Tədbir bədii hissə ilə davam edib.

















































