Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə universitetə yeni qəbul olunan əcnəbi tələbələrlə görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, görüşün əsas məqsədi əcnəbi tələbələri universitetin akademik mühiti, sosial-mədəni həyatı və daxili prosedur qaydaları ilə tanış etmək, onların təhsil prosesinə və universitet həyatına uyğunlaşmasına dəstək göstərmək olub.

Tədbirdə AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və əcnəbi tələbə Fatih Emir Torun çıxış ediblər.

Çıxışlar zamanı universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi tələbələrin AzTU-ya marağının artması, qəbul və tədris prosesi, sənədləşmə, tələbələrin yerləşdirilməsi və universitetin daxili qaydaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, əcnəbi tələbələrin universitetin tədris, elmi-tədqiqat və sosial fəaliyyətlərində fəal iştirakı onların akademik və sosial adaptasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin tələbələrə Azərbaycan dilinin öyrənilməsinə xüsusi diqqət yetirmək, dərslərdə fəal iştirak etmək və biliklərini davamlı artırmaq tövsiyə olunub.

Görüşdə tələbələrin qarşılaşa biləcəyi çətinliklərin aradan qaldırılması üçün universitet tərəfindən göstərilən dəstək, eləcə də onların sosial həyata inteqrasiyası istiqamətində yaradılan şərait diqqətə çatdırılıb.

Əcnəbi tələbə Fatih Emir Torun isə AzTU-da təhsil müddətində qazandığı təcrübə və təəssüratlardan danışaraq universitet həyatı ilə bağlı fikirlərini yeni tələbələrlə bölüşüb.

Sonda tələbələrin sualları cavablandırılıb, onların təhsil və yaşayışla bağlı fikir və təklifləri dinlənilib.