Paytaxtın Qaradağ rayonunda məcburi köçkünlər üçün müvəqqəti salınmış Müşfiqabad qəsəbəsində “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” mövzusunda tədbir keçirilib. Anım və maarifləndirmə xarakteri daşıyan görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil edilib.
"Unikal" xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və regionun gələcək inkişaf mənzərəsini əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Cəsarət Qəhrəmanov keçmiş məcburi köçkünlərə göstərilən dövlət qayğısının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köçkünlərin sosial və mədəni inkişafına daim xüsusi diqqətlə yanaşdığını bildirib. Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, sakinlər öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdırlar. Hazırda azad olunmuş torpaqlarda məskunlaşan, çalışan və təhsil alan vətəndaşların sayı artıq 100 min nəfərə yaxınlaşır.
“Dəmir Yumruq” İctimai Birliyinin sədri Əbil Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi mənasından söz açıb. O bildirib ki, Böyük Qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də şəhidlərimizin ruhuna və qazilərimizin fədakarlığına ehtiramın əyani göstəricisidir.
“Vətən Səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, şəhid ailəsinin üzvü Fəridə Cabbarova, Vətən müharibəsi iştirakçısı Nicat Cəlilov, professor Elçin İsgəndərzadə də çıxış edərək qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışçılar azad edilmiş torpaqlardakı genişmiqyaslı tikinti-quruculuq işlərinin milli həmrəyliyi və ruhi dirçəlişi daha da möhkəmləndirdiyini ifadə ediblər.
Tədbirin sonunda iştirakçılara Böyük Qayıdış prosesini əks etdirən maarifləndirici kitabçalar və broşürlər paylanılıb.












.jpg)




































