Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq və taleyüklü səhifəsi, şübhəsiz ki, 2020-ci ilin payızında qazanılmış Qarabağ Zəfəridir. Otuz ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasətinə və ATƏT-in Minsk qrupunun nəticəsiz qalan diplomatik cəhdlərinə 44 günlük Vətən müharibəsi ilə son qoyuldu. Bu tarixi qələbənin memarı və hərəkətverici qüvvəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövləti addım-addım öz ərazi bütövlüyünün bərpasına doğru irəliləmişdir. Bu proses daxili sabitliyin təmin olunması, güclü iqtisadiyyatın qurulması, müasir hərbi potensialın yaradılması və beynəlxalq arenada hüquqi-siyasi müstəvinin hazırlanması kimi strateji sütunlara əsaslanırdı. "Güclü dövlət, güclü ordu" düsturu Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının əsasını təşkil etmişdir.
Hərbi uğurların təməlində dayanan ən mühüm amil dövlətin iqtisadi müstəqilliyi və maliyyə imkanlarıdır. İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən regional və qlobal miqyaslı enerji, nəqliyyat layihələrinin (Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Şərq-Qərb nəqliyyat dəhlizi) reallaşdırılmasını təmin etdi. Bu layihələr Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, həm də ölkənin geosiyasi çəkisini və beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. İqtisadi resursların düzgün yönləndirilməsi sayəsində Azərbaycan Ordusu köklü şəkildə modernləşdirildi. Son 17 ildə hərbi büdcə dəfələrlə artırıldı, ən müasir silah sistemləri, o cümlədən pilotsuz uçuş aparatları (PUA), yüksək dəqiqlikli raketlər və hava hücumundan müdafiə sistemləri arsenala daxil edildi. Eyni zamanda, ordunun peşəkarlıq səviyyəsinin artırılması üçün Türkiyə Silahlı Qüvvələrinin modeli əsas götürülərək islahatlar aparıldı, xüsusi təyinatlı qüvvələrin döyüş qabiliyyəti ən yüksək səviyyəyə çatdırıldı.
Müharibənin taleyini həll edən faktorlardan biri də onun beynəlxalq hüquqi legitimliyidir. Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün Prezident İlham Əliyev bütün nüfuzlu beynəlxalq platformalardan (BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı) səmərəli şəkildə istifadə etdi. Azərbaycan diplomatiyasının səyləri nəticəsində Qarabağın Azərbaycanın əzəli torpağı olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi sənədlərdə təsbit olundu. Prezident İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi prinsipiallıq və hücum taktikası Ermənistanı beynəlxalq səviyyədə təcrid vəziyyətinə saldı. Regional güclərlə balanslaşdırılmış və milli maraqlara söykənən münasibətlərin qurulması 2020-ci ildə hərbi əməliyyatlar zamanı kənar qüvvələrin münaqişəyə birbaşa müdaxilə imkanlarını minimuma endirdi. Bu, Azərbaycanın öz ərazisində antiterror əməliyyatlarını sərbəst şəkildə həyata keçirməsinə şərait yaratdı. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan "Dəmir Yumruq" əməliyyatı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. Müharibənin ilk günündən etibarən Ali Baş Komandan İlham Əliyev həm hərbi əməliyyatları birbaşa idarə edir, həm də xalqa mütəmadi müraciətləri ilə cəmiyyətdə yüksək vətənpərvərlik ruhu və sarsılmaz birlik formalaşdırırdı. Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiya XXI əsrin yeni nəsil müharibə modeli kimi dünya hərb elmində dərindən öyrənilməkdədir. PUA-ların səmərəli tətbiqi, düşmənin dərindən eşelonlaşdırılmış müdafiə xətlərinin və müasir hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi, çətin relyef şəraitində həyata keçirilən piyada və xüsusi təyinatlı əməliyyatları müharibənin taleyini həll etdi. Şuşanın yüngül silahlarla, sıldırım qayaları dırmaşaraq azad edilməsi isə bu strategiyanın zirvəsi oldu. Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Erməni lobbisi və onun xaricdəki havadarları Azərbaycana qarşı genişmiqyaslı qara piar kampaniyası təşkil etmişdilər. Belə bir şəraitdə Prezident İlham Əliyev informasiya cəbhəsini şəxsən öz üzərinə götürdü. Müharibə dövründə dövlət başçısı dünyanın aparıcı media qurumlarına (BBC, CNN, Rossiya-24, Sky News, TRT Haber və s.) 30-dan çox müsahibə verdi. Bu müsahibələrdə İlham Əliyev fitri diplomatik məharəti, dərin intellekti, tarixi faktlara əsaslanan arqumentləri və sarsılmaz məntiqi ilə ermənipərəst jurnalistlərin qərəzli suallarını iflasa uğratdı. O, beynəlxalq ictimaiyyətə Azərbaycanın öz torpaqlarında döyüşdüyünü, mülki əhalini hədəf almadığını və beynəlxalq hüququn tələblərini yerinə yetirdiyini tam çılpaqlığı ilə sübut etdi. Bu addım ölkəmizə qarşı yönəlmiş siyasi təzyiqlərin qarşısının alınmasında mühüm sipər oldu. 8 noyabr Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr bəyanatı ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən Azərbaycana təhvil verildi. Qarabağ Zəfəri təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqların yaranması demək idi. 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirləri ilə isə ölkə ərazisində separatizmin kökü tamamilə kəsildi və dövlət suverenliyi hər bir qarışda təmin olundu. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən tikilir, Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması istiqamətində atılan strateji addımlar isə regionun nəqliyyat və logistika xəritəsini kökündən dəyişməyə xidmət edir. Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri olmayan möhtəşəm bir qələbədir. Bu qələbə dahi lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin qətiyyəti, dəmir iradəsi, uzaqgörən siyasəti və xalq-ordu-iqtidar birliyinin triumfudur. İlham Əliyev Azərbaycanı məğlub ölkədən qalib dövlətə, xalqımızı isə başı uca, qürurlu bir millətə çevirdi. Bu tarixi zəfər regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün əsas zəmin yaratmışdır. Azərbaycan artıq öz diktəsilə yeni gündəlik formalaşdıran güclü subyekt kimi çıxış edir. İlham Əliyevin adı Azərbaycan tarixinə əbədi olaraq torpaqlarımızı işğaldan qurtaran Müzəffər Ali Baş Komandan və böyük strateq kimi həkk olunmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov
































.jpg)
.jpg)


.jpg)




.jpg)












