Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Milli ideologiya, dövlətçilik şüurunun təşviqində ailənin rolu” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov milli ideologiyanın dövlətçilik ənənələrinin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin mənəvi bütövlüyünün təmin olunmasındakı rolundan danışıb. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında qarşıya qoyduğu vəzifələrə toxunaraq ideoloji təhlükəsizliyin təmin edilməsi, milli maraqların qorunması və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin fəallığının vacibliyini vurğulayıb.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva mövzunun ideoloji və ictimai əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, ailə milli kimliyin, dövlətçilik şüurunun və mənəvi dəyərlərin formalaşdığı əsas mühitdir. Milli məfkurənin inkişafı, cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin ölkənin müasir ideoloji xəttinin mühüm istiqamətləri olduğu qeyd edilib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ailə institutunun möhkəmləndirilməsinin cəmiyyətin sosial dayanıqlılığı baxımından əhəmiyyətindən bəhs edib. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında diqqətə çatdırdığı milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi məsələlərinə toxunaraq, bu prinsiplərin gənc nəslin milli ruhda yetişdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova azərbaycançılıq ideologiyasının müstəqil dövlətimizin əsas ideoloji dayaqlarından birinə çevrildiyini deyib. O, milli ədəbiyyatın, klassik irsin, xalq yaradıcılığının və tarixi yaddaşın gənc nəslin dünyagörüşünün formalaşmasına təsirini diqqətə çatdırıb. Bildirib ki, xalqın keçmişini, mədəniyyətini və ədəbi irsini dərindən tanımaq milli özünüdərkin güclənməsinə, mənəvi varisliyin qorunmasına və milli kimliyin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Milli Məclisin deputatı Mehriban Vəliyeva isə ailənin şəxsiyyətin formalaşmasında və uşaqlara ilkin mənəvi dəyərlərin aşılanmasında rolundan bəhs edib. O, valideynlərin üzərinə düşən tərbiyə məsuliyyətini, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini və cəmiyyətdə sağlam mənəvi mühitin qorunmasını vacib amillər kimi qeyd edib. Vurğulanıb ki, uşaqların şəxsiyyət kimi formalaşmasında ailədə verilən tərbiyə ilə təhsil mühitində qazanılan bilik və bacarıqlar bir-birini tamamlamalıdır.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.











.jpg)





.jpg)







.jpg)


.jpg)





















.jpg)



