Ermənistan üzvlük haqları üzrə yaranmış borcunu ödədikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tamhüquqlu iştirakını bərpa edə bilər.

"Unikal" xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov Moskvada keçirilən təşkilat sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Baş katib qeyd edib ki, sammitdə Ermənistanın təşkilatdan çıxarılması məsələsi müzakirə olunmayıb. Onun sözlərinə görə, Ermənistan son üç il ərzində üzvlük haqlarını ödəməyib və bu müddətdə KTMT Katibliyinə, eləcə də Birləşmiş Qərargahına əməkdaş göndərməyib.

Masadıkov bildirib ki, Ermənistan nümayəndələri təşkilatın iclaslarında iştirak etsələr də, müzakirələrə qoşulmayıblar.

Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, iki il ərzində maliyyə öhdəliklərini yerinə yetirməyən üzv dövlət borcunu tam ödəyənədək səsvermə hüququndan və kvota üzrə vəzifələrə nümayəndə irəli sürmək imkanından məhrum edilə bilər.