Xəzər rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri üçün “44” bədii filminin nümayişi təşkil olunub.

"Unikal" xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi - Eko Parkda təşkil olunan tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, eləcə də şəhid Tural Abdullayevin atası Şakir Abdullayev 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli qürur və qəhrəmanlıq salnaməsində müstəsna yer tutduğunu bildiriblər.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edilən tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında mühüm mərhələ olub. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib.

Çıxışlarda Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərimizin qəhrəmanlığının daim ehtiramla yad edildiyi, qazilərə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi nümayiş etdirilib. Filmdə 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaət, qəhrəmanlıq və Vətən uğrunda canından keçən igidlərimizin fədakarlığı əks olunub.

Nümayişdə filmin aktyor heyətinin üzvləri də iştirak ediblər. Filmin nümayişindən sonra Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov obrazını canlandıran aktyor İbrahim Çingiz, Xüsusi Təyinatlı Qüvvələrin polkovniki, xüsusi əməliyyat qrupunun komandiri Ramazan Kərimov obrazını canlandıran aktyor İlqar Musayev, eləcə də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların şərəfli döyüş yolunun və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.