Qaradağ rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli qürur və iftixar mənbəyi olduğunu bildirib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müasir döyüş taktikasını və hərbi texnikanı yüksək peşəkarlıqla tətbiq edərək düşmən üzərində tarixi Qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu Zəfər hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub. Bildirilib ki, bu gün Qələbənin ildönümü şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram və Azərbaycan Ordusuna minnətdarlıq hissi ilə qeyd olunur.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında xalqımızın Ordumuza inamı və dəstəyinin, ölkəmizdəki milli həmrəyliyin Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əsas amillərindən olduğunu vurğulayıb. O bildirib ki, bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün vətənpərvərlik və rəşadət nümunəsi olacaq.

YAP Təftiş Komissiyasınnı üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsinin Vətən müharibəsinin taleyində həlledici əhəmiyyət daşıdığını qeyd edib. O, tarixi Qələbə nəticəsində uzun illər davam edən işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. Həmçinin şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Zaur Şükürov bu cür tədbirlərin tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, müharibə veteranlarının və qazilərin gənclər üçün örnək olduğunu qeyd edərək şəhidlərimizə rəhmət, şəhid ailələrinə səbir, qazilərimizə cansağlığı arzulayıb.

Şəhid anası Zərifə Qədirova çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, torpaqlarımızın işğaldan azad olunmasından və Vətən uğrunda canından keçən igidlərimizin şərəfli döyüş yolundan bəhs edib. Şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini vurğulayıb.

Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov Azərbaycanın tarixi Zəfərə aparan yolunun Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlandığını, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasətin dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələndiyini qeyd edib.

Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi veteranı Sahib Hüseynov çıxışlarında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsindən, doğma yurdlarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qayıdışından bəhs ediblər. Bu proseslərin dövlətimizin gücü, Prezident İlham Əliyevin uğurlu siyasəti və xalq-ordu-rəhbər birliyinin sarsılmazlığı sayəsində reallaşdığını vurğulayıblar.

Tədbir çərçivəsində bir qrup qazi YAP Qaradağ rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub. Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş gənclərə isə partiya vəsiqələri təqdim edilib.

Tədbir bədii proqramla davam etdirilib.