Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini, YAP Sədrinin müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və Milli Məclisin deputatı Könül Nurullayeva çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin və Azərbaycan Ordusunun qüdrətinin təntənəsi olduğu vurğulanıb. Bildirilib ki, bu möhtəşəm Zəfərin əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz Vətən sevgisi dayanır.
Natiqlər qeyd ediblər ki, Zəfər Günü xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, milli qürurumuzun, həmrəyliyimizin və tarixi ədalətin bərpasının rəmzidir. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib. Eyni zamanda qazilərimizə şəfa, şəhid ailələrinə səbir və dözümlülük arzulanıb.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun həyat yoldaşı Nuranə Heydərova və Vətən Müharibəsi Qəhrəmanı, mayor Ramazan Udulov da çıxış ediblər. Onlar iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər. Həmçinin ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbir bədii hissə ilə davam edib.
























.jpg)








.png)















