Azərbaycan Texniki Universitetində (AzTU) SİMA-nın dəstəyi, “Alas Academy”nin təşkilatçılığı və AzTU İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə “TechConnect Week ‘26” tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, “YusifliTech”in təsisçisi Elşad Yusiflinin rəhbərliyi ilə təşkil olunan tədbir süni intellekt mövzusuna həsr edilib. Tədbirdə AzTU-nun müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin əsas məqsədi tələbələri süni intellekt sahəsindəki son yeniliklərlə tanış etmək, onların bu istiqamətə marağını artırmaq və gələcək karyeraları üçün zəruri bacarıqlar barədə məlumatlandırmaq olub.
Tədbirdə “Alas Academy”nin təlimçisi, “North West” şirkətinin süni intellekt mühəndisi Natiq Məmişov və “Alas Academy”nin təlimçisi, AYNA-nın “Data Science” komandasının rəhbəri Tərlan Cəbiyev çıxış ediblər.
Natiq Məmişov “Süni intellekt istifadəçisindən süni intellekt mühəndisinə: Müasir süni intellekt sistemlərinin arxitekturasını necə qururuq?” mövzusunda çıxışında müasir süni intellekt sistemlərinin qurulma prinsipləri, əsas komponentləri və real layihələrdə tətbiqi barədə məlumat verib. O, tələbələrə süni intellekt alətlərindən istifadə ilə kifayətlənməməyi, eyni zamanda bu sistemlərin iş prinsiplərini dərindən anlamağı tövsiyə edib.
Tərlan Cəbiyev isə “Süni intellekt dövründə proqramçı olmaq: Gələcəyin mühəndisi hansı bacarıqlara sahib olmalıdır?” mövzusunda çıxış edib. O, süni intellektin proqram təminatı sahəsinə təsiri, proqramçıların iş prosesində baş verən dəyişikliklər, eləcə də gələcəyin mühəndisləri üçün vacib olan texniki və şəxsi bacarıqlardan bəhs edib. Mütəxəssis öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək onların bu sahədə inkişafı ilə bağlı məsləhətlər verib.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Tədbirin sonunda sual-cavab sessiyasında fəallığı ilə seçilən üç tələbə “Alas Academy” və SİMA tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
























.jpg)








.png)















