2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycanın quruculuq missiyası sürətlə davam edir:
"Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunması Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Bunun ardınca, 2023-cü ilin sentyabr ayında həyata keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran şəhərlərində üçrəngli bayrağımız ucaldıldı.
Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.
İnfrastruktur və Nəqliyyat: Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları inşa edilərək istifadəyə verilmişdir. Geniş avtomobil magistralları, "Zəfər yolları", tunellər və dəmir yolu xətləri çəkilir.
"Böyük Qayıdış" Proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli, Cəbrayıl şəhərlərinə, həmçinin Talış, Suqovuşan, Ağalı, Zabux və Müşkülbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmiş, müasir "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları həyata keçirilmişdir.
Erməni vandallığı nəticəsində dağıdılmış yüzlərlə məscidimiz, tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız dövlət səviyyəsində əsl memarlıq üslubuna uyğun olaraq bərpa edilir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilməkdədir.
Azərbaycanın quruculuq missiyası sürətlə davam edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır.
Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir: Qarabağın və Şərqi Zəngəzurun təhlükəsiz yaşayış məkanına çevrilməsi, dayanıqlı iqtisadi inteqrasiya, "Yaşıl enerji" zonasının yaradılması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır".





.jpg)















































.jpg)
.jpg)
