2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edildiyini elan etməsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu.
Bu, sadəcə, strateji əhəmiyyətli şəhərin azad edilməsi barədə xəbər deyildi. Şuşanın fəthi Ermənistanın onilliklər ərzində formalaşdırdığı işğalçılıq siyasətinin, hərbi müqavimət planlarının və Qarabağ üzərindən qurduğu siyasi iddiaların iflası demək idi.
Azərbaycan Ordusu döyüş meydanında elə bir nəticə əldə etmişdi ki, Ermənistanın qarşısında kapitulyasiyadan başqa real seçim qalmamışdı.
10 noyabr bəyanatı ilə Ermənistan rəhbərliyi məğlubiyyəti rəsmən qəbul etdi. Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə münaqişənin hərbi mərhələsinin başa çatması Bakının siyasi iradəsinin nəticəsi idi. Bununla belə, Azərbaycan üçün Zəfər prosesi yalnız 2020-ci ildə yekunlaşmadı. Qarabağda separatizmin mövcudluğunu davam etdirməsi dövlət suverenliyinə qarşı təhlükə olaraq qalırdı.
Məhz buna görə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri tarixi əhəmiyyət daşıdı. Azərbaycan öz ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyaraq suverenliyini bütün ölkə ərazisində bərpa etdi. Separatçı rejimin süqutu Ermənistanın Qarabağ üzərindən davam etdirdiyi siyasi manipulyasiyaların da sonunu gətirdi. İşğalçılıq siyasətinin nəticələri Ermənistan üçün ağır siyasi və hərbi məğlubiyyət oldu.
Lakin Azərbaycanın məqsədi yalnız torpaqlarını azad etməklə məhdudlaşmırdı. Bakı separatizmin yenidən baş qaldırmasının qarşısını almaq, revanşist düşüncələrin siyasi dayaqlarını zəiflətmək və regionda davamlı sülhün əsaslarını formalaşdırmaq istiqamətində fəaliyyətini davam etdirir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, sərhədlərin tanınması və regional kommunikasiyaların açılması bu baxımdan mühüm şərtlərdir.
Zəfərin coğrafiyası Qarabağdan böyükdür
Azərbaycanın qələbəsinin əhəmiyyəti Cənubi Qafqazın sərhədlərini aşır. Müharibədən əvvəl regionda mövcud olan geosiyasi status-kvo artıq tarixə qovuşub. Azərbaycan hərbi qüdrətini siyasi iradə ilə birləşdirərək özünün regional güc mərkəzi olduğunu təsdiqləyib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əhəmiyyətinin artması, Zəngəzur istiqamətində kommunikasiyaların açılması perspektivi və 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar bu yeni reallığın iqtisadi və siyasi müstəvidə davamıdır.
Əslində, Azərbaycan Qarabağı işğaldan azad etməklə yalnız öz ərazi bütövlüyünü təmin etmədi, həm də regionu uzunmüddətli münaqişə və qeyri-sabitlik təhlükəsindən çıxarmaq üçün yeni imkanlar yaratdı. Bu gün Cənubi Qafqazda sülhün gələcəyi də məhz yeni reallıqların qəbulundan asılıdır.
Ermənistan anlamalıdır ki, Azərbaycanın Zəfəri müvəqqəti hərbi üstünlük deyil, beynəlxalq hüquqa, milli iradəyə və dövlət suverenliyinə əsaslanan tarixi nəticədir. Revanşizmə qayıdışın heç bir perspektivi yoxdur.
Şuşada dalğalanan Azərbaycan bayrağı bir həqiqəti təsdiqlədi: dövlətin gücü, xalqın iradəsi və ordunun qüdrəti bir məqsəd ətrafında birləşəndə tarix dəyişir. Azərbaycan bu tarixi dəyişiklikləri artıq gerçəkləşdirib.
İndi əsas məsələ qazanılmış Zəfəri qorumaq, separatizmin bütün siyasi və ideoloji dayaqlarını sıradan çıxarmaq və regionda Azərbaycanın milli maraqlarına uyğun davamlı sülhün təmin edilməsidir.
Ağarza Elçinoğlu





.jpg)















































.jpg)
.jpg)
