Dünya üzrə yeniyetmələrin təxminən dörddə biri həftədə heç bir saat belə fiziki fəaliyyətlə məşğul olmur; bu isə ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və xərçəngin bəzi növlərinin yaranma riskini artırır.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) araşdırma aparıb.
Təşkilatın hesablamalarına görə, 11-17 yaş arası təxminən 240 milyon yeniyetmənin həftədə bir dənə belə "aktiv günü" yoxdur. Tədqiqatçılar "aktiv gün" anlayışını gündəlik olaraq ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki fəaliyyətlə məşğul olmaq kimi müəyyən edirlər. Bu nəticələr 140 ölkə və ərazidən olan 3,2 milyondan çox yeniyetməyə dair məlumatlara əsaslanır.
Tədqiqat iştirakçıları orta hesabla həftədə 2,7 gün fiziki fəaliyyətlə məşğul olublar. Yeniyetmələrin yalnız 14%-i hər gün aktiv olub.
Qızlar və oğlanlar arasında nəzərəçarpacaq fərq mövcuddur: qızların 28%-i, oğlanların isə 22%-i həftə ərzində heç bir aktiv günə sahib deyil; eyni zamanda, qızların 11%-i, oğlanların isə 17%-i hər gün fiziki fəaliyyətlə məşğul olur.
Namibiya, Nepal və Filippin kimi bəzi ölkələrdə yeniyetmələrin təxminən 40%-i həftədə heç bir aktiv günlərinin olmadığını bildirib. Əksinə, Banqladeş və Serbiyada gənclərin 30%-dən çoxu hər gün fiziki fəaliyyətlə məşğul olduqlarını qeyd ediblər.
ÜST-yə görə, vəziyyət son 15 il ərzində demək olar ki, dəyişməz qalıb. Fəaliyyət səviyyəsinə təkcə fərdi vərdişlər deyil, həm də gündəlik həyat şəraiti – məsələn, küçələrin təhlükəsizliyi, idman qurğularına çıxış imkanları, piyada gəzmək və ya velosiped sürmək üçün şərait, məktəb mühiti və ekran qarşısında keçirilən vaxtın miqdarı – təsir göstərir.
Təşkilat ölkələri elə şərait yaratmağa çağırıb ki, fiziki fəaliyyət yeniyetmələrin gündəlik həyatının təhlükəsiz və əlçatan bir hissəsinə çevrilsin.



.jpg)
.webp)



.jpg)
.jpg)







.jpg)



























