8 Noyabr Qələbəsinin kölgəsində qalan ağrı: 6 ildə 443 nəfər minaya düşüb, 73 nəfər həyatını itirib
Yaxın günlərdə Azərbaycan xalqı tariximizin ən şanlı səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü qeyd edəcək. Bu tarix xalqımız üçün sadəcə təqvimdəki əlamətdar gün deyil. İllərlə davam edən torpaq həsrətinin sona çatdığı, milli qürurumuzun bərpa olunduğu, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı ilə yazılmış böyük Qələbənin rəmzidir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Lakin tarixi Qələbəmizlə müharibənin bütün ağrılı nəticələri aradan qalxmadı. Qarşıda hələ də cavabını gözləyən suallar, taleyi naməlum qalan minlərlə itkin, torpaqlarımıza basdırılmış minaların yaratdığı ölüm təhlükəsi və törədilmiş müharibə cinayətlərinə görə hüquqi məsuliyyət məsələsi var.
Bu gün Zəfər tarixindən danışarkən yalnız hərbi uğurlarımızı deyil, müharibənin hələ də açıq qalan səhifələrini, tarixi ədalətin təmin olunması istiqamətində görülən işləri də xatırlamaq vacibdir. Qələbənin mənəvi və siyasi baxımdan tamamlanması üçün həqiqətlərimizin beynəlxalq müstəvidə tanıdılması, törədilmiş cinayətlərin sənədləşdirilməsi və günahkarların məsuliyyətə cəlb olunması mühüm vəzifələrdəndir.
Azad torpaqlarda gizlənən ölüm təhlükəsi
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi müharibənin başa çatmasından illər keçməsinə baxmayaraq, Azərbaycanın qarşısında duran ən ciddi humanitar problemlərdən biri olaraq qalır. Torpaqlarımız azad edilsə də, onların hər qarışını təhlükəsiz həyata qaytarmaq hələ mümkün olmayıb. Bir vaxtlar doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlar bu gün həmin ərazilərdə ehtiyatlı olmağa məcburdurlar.
Mina təhlükəsi təkcə hərbçilərin deyil, mülki şəxslərin, keçmiş məcburi köçkünlərin, quruculuq işlərində çalışanların və doğma torpaqlarına qayıdan insanların həyatını təhdid edir.
Bu problem sadəcə müharibədən qalmış partlayıcı qurğular məsələsi deyil. O, Böyük Qayıdış prosesinin sürətinə, azad edilmiş ərazilərin bərpasına və insanların təhlükəsiz gələcəyinə birbaşa təsir göstərir. Hər yeni mina partlayışı bir ailənin həyatında faciəyə çevrilir, bir insanın gələcəyini əlindən alır.
Bu baxımdan minatəmizləmə işlərinin davam etdirilməsi, mina xəritələrinin dəqiqliyi, mövcud məlumatların paylaşılması və problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Ən ağrılı məqam isə budur ki, azadlığı uğrunda böyük qurbanlar verilmiş torpaqlarda bu gün də insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Deməli, ərazilərin azad edilməsi ilə başlayan tarixi proses onların hər qarışının təhlükəsiz həyata qaytarılması ilə tamamlanmalıdır.
311 min hektar ərazi təmizlənib, 270 mindən çox mina və partlayıcı sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “Unikal” qəzetinin sorğusuna verilən cavaba görə, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışını təmin etmək məqsədilə humanitar minatəmizləmə əməliyyatları davam etdirilir.
Agentliyin və bu fəaliyyətə cəlb olunan digər qurumların həyata keçirdiyi əməliyyatlar əsasən yaşayış məntəqələrini, nəqliyyat və enerji infrastrukturlarını, kənd təsərrüfatı sahələrini, eləcə də digər prioritet əraziləri əhatə edir.
2020-ci il noyabrın 10-dan 2026-cı il noyabrın 6-dək ümumilikdə 311 336 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Bu müddət ərzində 270 794 ədəd mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.
Aşkar edilən sursatların 201 573 ədədini digər partlayıcı sursatlar, 44 805 ədədini piyada əleyhinə minalar, 24 416 ədədini isə tank əleyhinə minalar təşkil edib.
6 ildə 443 nəfər mina qurbanı olub
Təəssüf ki, aparılan minatəmizləmə işlərinə baxmayaraq, mina partlayışları insan həyatına son qoymaqda və ağır faciələrə səbəb olmaqda davam edir.
ANAMA-nın məlumatına görə, 2020-ci ilin noyabr ayından 2026-cı il noyabrın 6-dək Azərbaycanda 443 nəfər mina qurbanı olub. Onlardan 73 nəfəri həyatını itirib, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu rəqəmlərin arxasında yarımçıq qalan həyat hekayələri, övladını, qardaşını, atasını itirən ailələr və ömürlük fiziki, eləcə də mənəvi travma ilə yaşamağa məhkum olan insanlar dayanır.
“Mina səssiz ölümdür” – qardaşını itirən Asifin çağırışı

Belə faciələrdən birini Xocavənd rayonunun Günəşli kənd sakini Asif Əhmədov yaşayıb. O, qardaşı Yasınla birlikdə Füzulidə minaya düşüb. Hadisə zamanı qardaşı Yasın həyatını itirib. Ona kömək etməyə çalışan Asif də mina partlayışının qurbanına çevrilərək ağır bədən xəsarətləri alıb. Özünə gələndə isə qardaşının artıq həyatda olmadığını öyrənib.
Mina partlayışından sonra ağır fiziki və mənəvi sınaqlardan keçən Asif Əhmədov bu gün də yaşadığı faciənin ağrısını daşıyır. O, ilk dəfə minaya düşəndə insanın necə parçalandığının dəhşətli mənzərəsi ilə üzləşdiyini deyir.
“Ən böyük istəklərimdən biri işğaldan azad olunmuş ərazilərin mina təhlükəsindən azad edilməsidir. Bu acını mən və ailəmiz yaşadığımız üçün kiminsə eyni faciəni təkrar yaşamasını istəməzdim. Ona görə də dünya ölkələrindən və beynəlxalq təşkilatlardan xahiş edirəm ki, Azərbaycandakı bu problemə diqqət yetirsinlər”, – deyə A. Əhmədov bildirib.
O, minanın böyük təhlükə, səssiz ölüm olduğunu vurğulayaraq insanları minalanmış ərazilərə daxil olmamağa, xəbərdarlıq nişanlarına və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
“Mina bizim ailəmizi məhv etdi” – iki oğlunu itirən atanın faciəsi
2021-ci il martın 16-da Ağdam rayonunda baş verən mina partlayışı da bir ailənin həyatını alt-üst edib. Hüseynov ailəsinin üzvlərinin minaya düşməsi nəticəsində Razi və Bayram Hüseynov qardaşları hadisə yerində həyatlarını itiriblər.
Akif Hüseynov üçün həmin gün həyatının ən ağır günlərindən birinə çevrilib. Qəfil gələn telefon zəngi ona oğullarının minaya düşdüyü xəbərini çatdırıb. Hadisə yerinə tələsən ata iki oğlunun həyatını itirdiyini, digər oğlunun isə yaralandığını görüb. Nəvəsini oğlunun qucağından götürərək xilas etmək istəyərkən özü də minaya düşüb.
“Novruz bayramı idi. Oğlanlarım mənə demədən ata-baba yurdumuza gedib tonqal qalamaq istəyiblər. Bu zaman minaya düşüblər. Xəbər gələn kimi hadisə yerinə getdim. Orada nəvəmi xilas edərkən özüm də minaya düşdüm, ayağımdan ağır yaralandım. Mina bizim ailəmizi məhv etdi. İki oğlum gözümün qabağında can verdi. İnsanlara səslənirəm ki, minalanmış ərazilərlə zarafat olmaz. Belə ərazilərə yaxın getməsinlər”, – deyə A. Hüseynov yaşadığı dəhşətli hadisəni xatırlayıb.
Zəfərin tam təntənəsi təhlükəsiz qayıdışla mümkündür
Bu gün Azərbaycan xalqı 8 Noyabr Zəfərini böyük qürurla qeyd etməyə hazırlaşır. Ancaq unutmamalıyıq ki, azad edilmiş torpaqlarda hələ də təhlükə ilə üz-üzə qalan insanlar var. Hər zərərsizləşdirilən mina bir insanın həyatını xilas etmək, bir ailənin faciəsinin qarşısını almaq deməkdir.
Zəfər yalnız torpaqların işğaldan azad edilməsi ilə ölçülmür. O torpaqlarda uşaqların təhlükəsiz böyüməsi, ailələrin rahat yaşaması, insanların qorxmadan öz evlərinə qayıtması da Qələbənin mühüm nəticəsi olmalıdır.
Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar ölüm təhlükəsindən də təmizlənməlidir. Çünki doğma yurda qayıdış qorxu ilə deyil, əmin-amanlıqla müşayiət olunmalıdır. Əsl Böyük Qayıdış o zaman tamamlanacaq ki, heç kim doğma torpağında növbəti mina qurbanına çevrilmək qorxusu ilə yaşamasın.
Gülayə Mecid

5.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması





.jpg)




.jpg)
.webp)



.jpg)
.jpg)






.jpg)
























