Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev xalqımızın ictimai-mədəni həyatında mühüm yer tutan Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycan radiosunun 100 illik yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını bildirib. Azərbaycan radiosunun təşəkkülü və inkişafı BDU ilə sıx bağlıdır. Radionun ilk əməkdaşları, o cümlədən ilk diktorlarının əksəriyyəti Bakı Darülfünununun, yəni Bakı Dövlət Universitetinin məzunları olublar. Onlar Azərbaycan radiojurnalistikasının peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. BDU uzun illər radio və televiziya üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rol oynayıb. Bununla yanaşı, radio və televiziya jurnalistikasının nəzəri və praktik problemlərinin elmi baxımdan araşdırılmasında BDU-nun Jurnalistikası fakültəsinin alimləri mühüm xidmətlər göstəriblər.
BDU rektoru vurğulayıb ki, ölkəmizdə radio uzun müddət ictimai-siyasi informasiya və təbliğatın başlıca vasitələrindən biri kimi fəaliyyət göstərib. Sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, o, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin və ana dilimizin qorunub yaşadılmasında mühüm rol oynayıb: “Bu gün Azərbaycan radiosunun qarşısında zəngin ənənələri qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf etmək, yeni nəsillərin maraq və ehtiyaclarına cavab vermək kimi mühüm vəzifələr dayanır. Xüsusilə tarixi əhəmiyyətli hadisələrin işıqlandırılmasında, ictimai fikrin formalaşmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında radionun rolu böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti milli teleradio yayımının zəngin tarixi ənənələrini qorumaqla onun müasir informasiya məkanının tələblərinə uyğun inkişafına əlverişli şərait yaradır. İnanırıq ki, bir əsrlik şərəfli tarixə, zəngin peşəkarlıq ənənələrinə malik Azərbaycan radiosu bundan sonra da milli mədəniyyətimizin, ana dilimizin, elmimizin və maarifçiliyimizin inkişafına dəyərli töhfələr verəcək”.
Azərbaycan radiosunun tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir.
Azərbaycan radiosunun bir əsrlik inkişaf yolu milli mətbuat tarixinin ən şərəfli səhifələrindəndir. Bu yubileyə həsr olunmuş konfrans yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyin media mənzərəsini elmi müstəvidə müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Əhməd İsmayılov diqqətə çatdırıb ki, 1926-cı il noyabrın 6-da Bakı səmasında səslənən ilk radio efiri xalqın ictimai, mədəni və mənəvi həyatında yeni mərhələnin başlanğıcı olub. Ötən bir əsr ərzində Azərbaycan radiosu milli yaddaşın, mədəni irsin və mənəvi xəzinənin qorunmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, radionun ən böyük xidmətlərindən biri Azərbaycan ədəbi dilinin saflığının qorunması, orfoepik normalarının formalaşması və geniş xalq kütlələrinə çatdırılmasıdır.
Şura sədri rəqəmsallaşmanın radionun ənənəvi funksiyalarını aradan qaldırmadığını, əksinə, yeni imkanlarla zənginləşdirdiyini bildirib. Onun sözlərinə görə, podkastlar, onlayn yayımlar, rəqəmsal platformalar və intellektual audiosistemlər radionun auditoriya ilə əlaqəsini yeni keyfiyyət mərhələsinə yüksəldir.
Rəqəmsallaşma bir əsrlik zəngin irsin və milli-mənəvi dəyərlərin daha geniş auditoriyaya çatdırılması, qlobal media məkanında mövqeyinin möhkəmləndirilməsi və gənc nəslə daha cəlbedici formada təqdim edilməsi üçün yeni imkanlar yaradır. O, Azərbaycan radiosunun 100 illik tarixinin formalaşması və inkişafında əməyi olan hər kəsi təbrik edib, bu milli irsin gələcəkdə də qorunacağına və rəqəmsal dövrün imkanlarından səmərəli istifadə etməklə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov vurğulayıb ki, Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır. 1926-cı il noyabrın 6-da “Danışır Bakı: RB-8” sözləri ilə müntəzəm yayıma başlayan Azərbaycan radiosu bir əsrlik fəaliyyəti ərzində xalqın və dövlətin sözünə çevrilib. Bu gün radio yalnız bir media qurumunun deyil, bütövlükdə xalqın və dövlətin milli sərvəti, tarixi yaddaşının mühüm tərkib hissəsidir. Azərbaycan radiosunun tarixi milli təfəkkürün, milli ideologiyanın və kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, radio sovet dövrünün ən çətin və repressiv mərhələlərində belə Azərbaycan dilinin saflığının qorunmasına, milli düşüncənin və azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsinə əvəzsiz töhfələr verib.
O, Azərbaycan radiosunun ölkənin taleyüklü tarixi hadisələrinin işıqlandırılmasında da mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Televiziyasının enerji blokunun partladılması nəticəsində televiziya yayımı dayandırıldıqdan sonra xalqın və dünya ictimaiyyətinin 20 Yanvar faciəsi barədə məlumatlandırılmasında Azərbaycan radiosunun xidmətləri xüsusi olub. Rövşən Məmmədov torpaqlarımızın işğalı dövründə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, atəşkəs haqqında sazişin imzalanması və digər mühüm tarixi hadisələrin işıqlandırılmasında, eləcə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın qələbə xəbərlərinin ictimaiyyətə ötürülməsində radionun rolunu vurğulayıb. Müasir dövrdə fiziki müharibənin ideoloji müstəvidə davam etdiyini qeyd edən QSC sədri milli maraqların, ana dilinin, milli düşüncə və ideologiyanın qorunmasının vacibliyini diqqətə çatdırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”nin rəisi Əlibaba Əliyev isə qeyd edib ki, Azərbaycan radiosunun 100 illik yubileyi ölkənin media, mədəniyyət və texnoloji inkişaf tarixində xüsusi yer tutur. Ötən bir əsr ərzində radio və televiziya milli-mənəvi dəyərlərin qorunmasında, Azərbaycan dilinin və mədəniyyətinin təbliğində, cəmiyyətin məlumatlandırılmasında və milli media məkanının formalaşmasında mühüm rol oynayıb. Sürətlə inkişaf edən informasiya texnologiyaları radio və televiziya sahəsində yeni imkanlar açır. Müasir yayım infrastrukturu, rəqəmsal texnologiyalar və innovativ həllər milli televiziya və radio proqramlarının daha geniş auditoriyaya yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkənin radio və televiziya yayım infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib, müasir texnoloji imkanlar genişləndirilib, rəqəmsal televiziya yayımına keçid tamamlanıb, rəqəmsal radio yayımı texnologiyaları tətbiq olunub. Böyük Qayıdışa dair Dövlət Proqramının uğurlu icrası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə artıq 13 stansiyanın fəaliyyəti təmin edilib.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli Azərbaycan radiosunun tarixi və inkişafı haqqında plenar məruzə edib.
Azərbaycanın Xalq artisti, veteran diktor Eldost Bayram həyatının 53 ilini mikrofon qarşısında keçirdiyini, ömrünü bunsuz təsəvvür etmədiyini bildirib: “1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun timsalında ölkədə analoqu olmayan, mənəviyyatı, mədəniyyəti təbliğ edən bir qurum yaradıldı. Bu, bütün xalqımızın bayramıdır. Azərbaycan radiosu 100 il ərzində öz maarifçilik missiyasını yüksək səviyyədə yerinə yetirib”.
Konfransda BDU-nun tələbə jurnalistlərinin Azərbaycan radiosu haqqında hazırladıqları radiopaket təqdim edilib.
Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub.
Konfrans öz işini iki gün ərzində bölmə iclasları ilə davam etdirəcək. “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş”, “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri”, “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” adlı bölmələrdə alimlərin, tədqiqatçıların, doktorant və magistrantların məruzələri dinləniləcək.














.jpg)









.jpg)























