Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər müdafiə olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsədi təşkilatda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.

Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas prinsipləri aşağıdakılardır:

- qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi və bərabərlik;

- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsinin könüllülüyü;

- məlumat verən şəxs barədə məlumatların konfidensiallığının qorunmasının təmin edilməsi və belə məlumatların yalnız onun yazılı razılığı olduğu halda açıqlanması;

- məlumat verən şəxs əhəmiyyətli yanılmanın təsiri altında məlumat verdikdə də onun müdafiəsinin təmin edilməsi (vicdanlılıq prezumpsiyası);

- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin müstəqilliyi, obyektivliyi və qərəzsizliyi;

- məlumat verən şəxsin peşə (əmək) fəaliyyətinə qanunsuz təsirdən və ya ədalətsiz rəftardan müdafiəsi;

- məlumat verən şəxsə tətbiq olunan həvəsləndirilmə və müdafiə tədbirlərinin mütənasibliyi.

Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev