Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətlərindən biridir.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Siqnaxi şəhərində keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.

Baş nazir regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinin, dinc yanaşı yaşama və dialoqun davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O, qonşu ölkələr arasında başlanmış sülh prosesini alqışladığını, regionda sülh təşəbbüslərinin davam etdiriləcəyinə və iqtisadi inkişaf üçün yeni imkanların yaranacağına ümidvar olduğunu bildirib.

İ.Kobaxidzenin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında möhkəm münasibətlər və yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın potensialından daha geniş istifadə etməyə imkan verir.

Baş nazir tərəflərin məqsədinin Gürcüstan məhsullarının ticarət potensialının artırılması, əlaqələrin şaxələndirilməsi və investisiya fəaliyyətinin genişləndirilməsi olduğunu vurğulayıb.