1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi, tibb elmləri doktoru, professor, Əməkdar həkim Yavər Şıxəliyev dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Yavər Şıxəliyev 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1972-ci ildə Naxçıvanda başlayıb. 1973-cü ildə Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib. 2024-cü ilin sonunda Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunun formalaşdırılmasından sonra fəaliyyətini Mərkəzin tabeliyində olan 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi kimi davam etdirib.

Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor Yavər Şıxəliyev 200-dən çox elmi məqalənin, üç monoqrafiyanın, bir dərs vəsaitinin və “Vərəm xəstəlikləri” dərsliyinin müəllifidir. Vərəmin erkən aşkarlanması, epidemiologiyası, müalicəsi və profilaktikası sahəsində mühüm elmi-praktiki tədqiqatlar aparıb.

Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.