Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayan 7 nəfər beynəlxalq axtarışa verilib. 

"Unikal" xəbər verir ki, axtarışa verilənlər 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya; 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan); 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan; 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral; 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer; moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkuludur.

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.