BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib.

FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir.

Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.