"Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə çıxış edib. Dövlət başçısı Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırdığını və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etdiyini bildirib".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, beynəlxalq yükdaşımalar AQEM dövlətləri üçün iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilməkdədir:
"Dünya Bankının qiymətləndirmələrinə görə, nəqliyyat dəhlizləri AQEM dövlətlərinin ümumi daxili məhsul istehsalını 3.3 faiz artırmaqla 2 milyon yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Orta Dəhliz, okeana çıxışı olmayan Orta Asiya və Cənubi Qafqaz CICA üzvlərinə Çin və Avropa arasında illik 600 milyard dollarlıq ticarət dövriyyəsindən faydalanmaq üçün birbaşa imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artıracaq. Son 25 ildə Azərbaycan və Mərkəzi Asiyada regional yol və dəmir yollarının tikintisinə 60.2 milyard dollar sərmayə yönəldilib.
Son illər regionda dəhlizlər üzrə fiziki infrastruktura 26 milyard dollar, “yumşaq" infrastruktura, o cümlədən, rəqəmsal gömrük sistemləri, vahid elektron məlumat mübadiləsi, logistika mərkəzləri və daxili terminallara isə 30,5 milyard dollar xərclənib. Göründüyü kimi, AQEM çərçivəsində əməkdaşlıq region dövlətlərinin valyuta daxilolmalarını artırır. Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin növbəti illərdə daha 1.7 milyard manat artaraq 5.0 milyard manata çatacağı gözlənilir".














































