Şərur Peşə Liseyində fərqli nəsilləri birləşdirən maraqlı bir mənzərə var. Səhərlər eyni evdən çıxan nənə və nəvə eyni təhsil müəssisəsinə üz tutur. Onlardan biri illərdir ailəsi üçün hazırladığı yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək, digəri isə ailə ənənəsini davam etdirərək elektrik peşəsinə yiyələnmək istəyir. 

"Unikal" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, liseyin “Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisasında təhsil alan tələbə bu ixtisası seçməsində ailəsinin mühüm rol oynadığını deyir: “Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim”, – deyən İlqar İsmayılov 2010-cu ildə Şərur rayonunda anadan olub.

İlqar deyir ki, liseydə dostlarının nənəsinin də burada oxumasına təəccübləndiyi hallar olub. Evdə isə onların söhbətləri əsasən seçdikləri ixtisaslar, dərslərdə öyrəndikləri yeniliklər və gündəlik təcrübələri ətrafında olur: “Evdə ixtisaslarımız haqqında danışırıq, çox gözəl söhbətlərimiz olur, xoş məqamlar yaşayırıq. Bəzən bir-birimizin ixtisası ilə maraqlanırıq”.

Nəvəsi nənəsinin yenidən təhsil almaq qərarını da müsbət qarşılayır: “Yaşına baxmadan, nənəm təhsilin əhəmiyyətini anlayır və onu davam etdirir. Elə günlər olur ki, dərsə getmək istəməyəndə məni həvəsləndirir. Demək olar ki, çox vaxt o, mənə stimul verir”. 

İlqar elektrik peşəsi üzrə təhsilini davam etdirmək istəyir. Nənəsi ilə eyni məktəbdə oxumağın onun üçün ən gözəl tərəfi isə birlikdə gedib-gəlmək və birgə təhsil almaqdır. 

Nənə isə nəvəsindən fərqli olaraq, həyatının bu mərhələsində yeni bir peşə öyrənmək qərarına gəlib. 

Gələcək planlarına gəlincə, nənə aşpazlıq sahəsində özünü inkişaf etdirmək, öyrəndiklərini tətbiq etmək və işləmək istəyir. Onun arzusu peşə məktəbində qazandığı biliklərlə yaxşı yeməklər hazırlamaq, gələcəkdə iş taparaq bu sahədə fəaliyyət göstərməkdir.